...

Azərbaycanda iri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılıb (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 12 İyun 2018 09:53 (UTC +04:00)
Dünya Bankının tövsiyəsini nəzərə alaraq, Azərbaycanda iri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılıb.
Azərbaycanda iri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılıb (FOTO) (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankının tövsiyəsini nəzərə alaraq, Azərbaycanda iri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılıb.

Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün keçirilən “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində komitə yeni metodların və yanaşmaların tətbiqinə başlayıb: "Eyni zamanda, ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli fərmana əsasən özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. Komitə tərəfindən orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin restrukturizasiyası həyata keçirilib, qeyri-profil müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib, onların özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də bu hədəflərin icrası məqsədilə dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat tədbirlərinin icrası öz təsdiqini tapıb. Hazırda bu istiqamətdə işlər davam etməkdədir. Görülən tədbirlər isə ölkədə iqtisadi fəallığın gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə şərait yaradır".

K.Həsənov bildirib ki, dövlət əmlakının idarəçiliyi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu sahədə müasir standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi və beynəlxalq maliyyə hesabatlılıq sisteminə keçid əsas məqsədlərdəndir:

"Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılıb. Bu platforma komitənin elektron xidmətlər portalında yerləşdirilib və yekun forma Komitə tərəfindən hökumətə təqdim edilib. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-ə yaxın dövlət müəssisəsinin məlumatları yerləşdirilib. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər".

Komitə sədri qeyd edib ki, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı hesabatların təqdim edilməsi elektron qaydada həyata keçirilir. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.

Bildirilib ki, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların təşkili, müşahidə şuralarının, idarə heyətinin və təftiş komissiyalarının yaradılması istiqamətində də müəssisələrə metodiki köməkliklər göstərilir, müəssisələr tərəfindən maliyyə, o cümlədən digər zəruri hesabatların vaxtında təqdim edilməsi təmin edilir. Hazırda 142 dövlət paylı müəssisələrdə korporativ idarəetmənin tətbiqi istiqamətində komitə tərəfindən daima metodiki köməkliklər göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti