Bakı. Trend:
İstifadəçilərin müşahidə etdiyi kimi, son illərdə bəzi saytların URL-lərində "http" əvəzinə "https" yazır. Çünki təhlükəsizlik sertifikatı olmayan saytlar "http" ilə başlayır, təhlükəsizlik sertifikatı olan saytlar isə "https" istifadə edir.
Bəs, "http" və "https" arasındakı əsas fərqlər nələrdir?
"HTTP" nədir?
Hyper Text Transfer Protocol mənasını verən "HTTP" heç bir şifrələmə tətbiq etmədən ötürücü və server arasında paylaşılan məlumatın işlənməsi prosesidir. Başqa sözlə, ünvanının əvvəlində" http://" olan vebsayt ilə paylaşdığınız məlumat və ümumiyyətlə, kompüteriniz təhlükəsizlik protokolları ilə qorunmur və xarici təhlükələrə açıq olur.
"HTTPS" nədir?
Secure Hypertext Transfer Protocol mənasını verən" https" ötürücü və server arasında şifrələnmiş istənilən məlumatı göndərmək və qəbul etmək üçün təhlükəsizlik tədbiri əlavə edir. Bu SSL sertifikatıdır. Banklarda, onlayn alış-veriş xidmətləri təklif edən e-ticarət saytlarında və buna bənzər internet saytlarında mütləq yer alması lazım olan bu SSL sertifikatı ödəniş səhifələrindəki formalarda yazılmış şəxsi məlumatları və kart məlumatlarını göndərmək və saxlamaq üçün fərqli şifrələmə üsullarından istifadə edir. Beləliklə, təhlükəsiz onlayn alış-veriş imkanını təmin edir. Başqa sözlə, başlanğıcda "https://" olan e-ticarət saytları SSL sertifikatına malikdir və onlayn alış-verişdə kart təhlükəsizliyinə zəmanət verir.
"Https"-in üstünlükləri nələrdir?
"Https"-də mövcud SSL sertifikatı məlumat ötürmə mərhələsində şifrələmə metodundan istifadə edir. Brauzerlərin filtrlərindən keçən sertifikat tanındıqda sayt açılır və təhlükəsiz əməliyyatlara icazə verir. Lakin sertifikat tapılmadıqda brauzer istifadəçidən sayta etibar edib-etmədiyini soruşur. Beləliklə, istifadəçilər təhlükəsiz saytlarla təhlükəli saytları ayırd etmək azadlığına malikdirlər.
SSL Təhlükəsizlik Sertifikatı və onun URL-də, "https"-də əks olunması banka köçürmə zamanı kart məlumatlarının şifrələnməsini, ödəniş əməliyyatlarının aparıldığı e-ticarət saytlarında bankdan gələn məlumatların şifrələnməsini təmin edir. Beləliklə, istifadəçi məlumatlarının üçüncü şəxslər tərəfindən tutulmasının qarşısını alır.
"Https"-in "http"-dən daha sürətli yükləmə müddəti var. Başqa sözlə, "https" ilə səhifələr "http" ilə olan səhifələrdən daha sürətli yüklənir. Axtarış motorunun optimallaşdırılmasına əhəmiyyət verən e-ticarət saytlarının "https", yəni SSL sertifikatına üstünlük verməsinin başqa səbəbi də budur.
Təhlükəsiz saytlar və təhlükəsiz alış-veriş anlayışı ilə e-ticarət saytları istifadəçilər tərəfindən daha çox seçilir, axtarış səhifələrində yüksək yer tutur, trafik və satış həcmini artırır. Bu, e-ticarət bazarında daha böyük paya sahib olmaq deməkdir.