...

Azərbaycanla sərhəddə həbs olunmuş Türkiyə vətəndaşlarının işi məhkəməyə göndərilib

Hadisə Materials 19 İyul 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın qərb sərhəddində "Şıxlı" sərhəd keçid məntəqəsində əcnəbilərlə sərhədçilər arasında baş vermiş insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Qazax rayon prokuroru Sərdar İmanov cümə axşamı Trend ə bildirib ki, 2 nəfər Türkiyə vətəndaşı barəsindəki cinayət işi baxılmaq üçün aidiyyatı üzrə Qazax Rayon Məhkəməsinə göndərilib.

Prokuror bildirib ki, Türkiyə vətəndaşları Üzeyir Gezer Mustafaya Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Kemal Özdemirə isə 315.2, 233 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi Qazax Rayon Məhkəməsində icraata götürülüb və yaxın günlərdə iş üzrə hazırlıq iclası keçiriləcək.

Qazax rayonu "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə Türkiyə vətəndaşları arasında yaranmış mübahisə zamanı Türkiyə vətəndaşları Üzeyir Gezer və Kemal Özdəmir idarə etdikləri "Ford" və "Tofaş" markalı avtomaşınlarla şlaqbaumu sındırıblar. Baş vermiş münaqişə zamanı əsgərlərdən Zakir Hüseynov, Elmir Rüstəmov və Elnur Əliyev, Türkiyə vətəndaşları Orbay İrfan və Orbay Canan xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti