...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin lehinədir – Qazaxıstandakı səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2008 20:01 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin lehinədir – Qazaxıstandakı səfir

Qazaxıstan, Astana, 25 fevral/ Trend , müxbir K. Konırova/ Bu gün Astanada, Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalıdakı faciəli hadisələrin 16 illiyini qeyd ediblər.

"1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərinin işğalını həyata keçiriblər. Nəticədə, Azərbaycanın 600-dan çox dinc sakini, o cümlədən uşaqlar, qadınlar və qocalar öldürülüb", - Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov tədbirin açılışında bildirib.

Sonra, Azərbaycan diasporunun Astanadakı imamı Həşim Ağayev o qanlı günlərdə həlak olanların xatirəsinə dualar oxuyub.

Xocalı hadisələrini xatırlayan imam bildirib ki, özü şahidlərdən biri olub. O zaman o, Sovet Ordusu sıralarında xidmət edib. Lakin dinc sakinlərin qanı axıdıldıqdan sonra, vətəninin müdafiəsinə qalxıb.

"Hər yerdə yazırlar ki, bu, 366-cı motoatıcı alay olub. Düzgün məlumat deyil. Belə ki, polkdakı əsgərlərin sayı min nəfəri ötmədiyi halda, o zaman, hərbçilərin sayı dəfələrlə çox olub. Bu, alay deyil, əsl diviziya olub", - imam dəqiqləşdirib.

Sonra toplaşanlara o illərin faciəli hadisələri haqqında sənədli filmnümayiş etdirilib.

Çıxışına davam edən Azərbaycanın səfiri Ermənistanın ərazi iddialarının bütün beynəlxalq və mehriban qonşuluq qayda və normalarına zidd olduğunu xatırladıb.

"Bizim xalqımız erməni xalqına qarşı deyil, qan tökülməsinə qarşıdır. Azərabaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin lehinədir. Lakin bu hadisələr bizim gələcək nəsillərin yaddaşında heç zaman unudulmayacaq bir dərs kimi qalmalıdır", - deyən diplomat çıxışını bitirib.

Səfirlikdə dəvət olunanlar arasında QR DİN-in vitse-naziri Saylau Serikovun oğlu, QR DİN polkovnik leytenantı Anatoli Serikov da olub. Saylau Serikov regiondakı gərgin vəziyyəti öyrənmək üçün 1991-ci ildə Xocalıya yola düşən hökumət nümayəndə heyətinin tərkibində olub. Deputatların, Azərbaycan hökuməti nümayəndələri və jurnalistlərin uçduğu vertolyot Dağlıq Qarabağ üzərində vurulub.

"Mən atamın Dağlıq Qarabağa ezamiyyətdən əvvəl o zaman Azərabaycanda yaranmış vəziyyətlə bağlı narahat olduğunu xatırlayıram. Akademiyada təhsilini bitirdikdən sonra, onun azərbaycanlılar arasında az dostu olmayıb və o, orada baş verən hadisələri ürəyinə çox yaxın qəbul edirdi", - öz atasını xatrılayan Anatoli Serikov bildirib.

O xatırladıb ki, atasının ölümündən sonra, onun dəfni günü ailəsi təkcə hərbçilərdən və hökumətdən deyil, Azərabaycanın sadə vətəndaşlarından da çoxlu başsağlığı teleqramları alıb. "Bu bizə çox təsir etdi. Söz verirəm ki, Dağlıq Qarabağ probleminin həlli üçün öz tərəfimdən səylərimi əsirgəməyəcəm", - Serikov bildirib.

Səfirlikdəki tədbirdə alimlər, diplomatlar, QR XİN nümayəndələri, jurnalistlər işitrak ediblər.

Bu gün Astanadakı Azərbaycan diasporasınında beş min üzvü var.

Xəbər lenti

Xəbər lenti