...

Bakı Avropa İttifaqını Ermənistana sərt mesajlar verməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2008 12:57 (UTC +04:00)
Bakı Avropa İttifaqını Ermənistana sərt mesajlar verməyə çağırır

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı hesab edir ki, Avropa İttifaqı Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mesajlar verməlidir.

"Aİ bölgədə sülhün və sabitliyin bərpası üçün qarşı tərəfə açıq mesajlar versə yaxşı olar", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəbhəri Xəzər İbrahim Fransanın Avropa İttifaqına rəhbərlik etməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

İyul ayının 1-də Avropa İttifaqının sədrliyi Sloveniyadan Fransaya keçəcək. Rəsmi Paris altı ay ərzində quruma rəhbərlik edəcək. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının aparılmasında vasitəçilik edir. Digər həmsədr ölkələr ABŞ və Rusiyadır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.

Azərbaycan politoloqları hesab edirlər ki, Fransanın Avropa İttifaqında sədrliyə başlaması sülh danışıqlarını və münaqişənin həllini sürətləndirməyəcək.

"Hazırkı mərhələdə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə fəal şəkildə qoşula bilməz. Çünki Rusiya buna imkan vermir", - deyə çərşənbə günü Trend -a açıqlamasında Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə sabiq müşaviri, politoloq Vəfa Quluzadə bildirib.

"Nə Fransa, nə də Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir imkanları yoxdur. Bundan başqa, Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədri, Avropa Şurası və Avropa İttifaqının münaqişə üzrə nümayəndələri dəfələrlə dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Ona görə də Minsk Qrupunun həmsədri olan Fransanın Avropa İttifaqında sədrliyə başlaması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara təsir göstərməyəcək", - deyə Quluzadə əlavə edib.

Politoloq Hikimət Hacızadə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ və Rusiya arasında anlaşma əldə olunmalıdır.

"Avropa İttifaqının Rusiyaya təsir imkanları yoxdur. Ona görə də Fransanın Avropa İttifaqının sədri olması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək. Münaqişənin həlli üçün dünyada mövcud olan Rusiya problemi həll edilməlidir", -deyə politoloq əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti