...

Azərbaycan QHT-si ABŞ Konqresinin qərarına etiraz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 16:45 (UTC +04:00)
"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ABŞ-ın separatçı Dağlıq Qarabağ rejiminə yardım ayırmasına etiraz edir.

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ABŞ-ın separatçı Dağlıq Qarabağ rejiminə yardım ayırmasına etiraz edir.

Birlikdən Trend -a daxil olan bəyanatda bildirilir ki, bu, qondarma "Dağlıq Qarabağ Respublikasına" rəsmi və qeyri-rəsmi yardımlar edilməsi ilə bağlı yeganə fakt deyil və mütəmadi xarakter alıb.

"Hesab edirik ki, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinin aparıcısı kimi ATƏT-in Minsk qrupunun həmsədrləri olan və rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrin Dağlıq Qarabağın separatçı rejiminə və Ermənistana maddi yardım göstərməsi yolverilməzdir, beynəlxalq hüquq və qaydalarla, həmçinin nizamlanma prosesi ilə tam ziddiyət təşkil edir və ikili standartlar siyasəti kimi qiymətləndirilə bilər", - deyə bəyanatda vurğulanır.

Birlik hesab edir ki, indiyədək edilmiş bütün maddi yardımlar hansı məqsədlə ayrılmasından asılı olmayaraq separatçı rejim tərəfindən silah-sursat əldə edilməsi, qanunsuz silahlı birləşmələrin möhkəmləndirilməsi və bütöv bölgəni gərginlikdə saxlamaq məqsədləri üçün sərf olunur.

"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maddi yardım ayrılması barəsindəki növbəti qərarını qətiyyətlə pisləyir, Prezident Barak Obamanı həmin qərarın icrasını dayandırmağa və bundan sonra ölkəsinin beynəlxalq nüfuzuna xələl gətirən bu cür addımların atılmasının qarşısını almağa çağırır.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti