...

Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul edərsə, sülh müqaviləsi üzərində işləmək mümkün olacaq – Azərbaycanın XİN rəhbəri (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2010 15:37 (UTC +04:00)
Danışıqlar masasında ən əsas problemin həlli üçün Azərbaycanın işğal edilən ərazilərindən erməni qoşunlarının çıxarılması və məcburi qaçqınların oraya qaytarılmasıdır.
Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul edərsə, sülh müqaviləsi üzərində işləmək mümkün olacaq – Azərbaycanın XİN rəhbəri (ƏLAVƏ OLUNUB) (FOTO)

RED. əlav.: son üç abzas əlavə olunub

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Ağayeva/

Danışıqlar masasında ən əsas problemin həlli üçün Azərbaycanın işğal edilən ərazilərindən erməni qoşunlarının çıxarılması və məcburi qaçqınların oraya qaytarılmasıdır. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rumıniyalı həmkarı Teodor Bakonski ilə keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, vasitəçilər tərəfindən Ermənistana təklif olunan yenilənmiş Madrid prinsiplərinə dair Yerevanın mövqeyi barədə ATƏT-in Minsk qrupunun həmsədrləri rəsmi Bakıya hələ məlumat verməyiblər.

"Azərbaycanın mövqeyi belədir: əgər Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul edərsə, sülh müqaviləsi üzərində işləri davam etdirmək mümkün olacaq", - Məmmədyarov bildirib.

Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə erməni icmasının qoşulmasının vacibliyi barədə Edvard Nalbandyanın bəyanatına şərh verən Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi haqqında ATƏT-in mövcud qərarları var və hazırkı mərhələdə Dağlıq Qarabağın erməni icmasının bu prosesə qoşulması mümkün deyil.

Dağlıq Qarabağın statusunun həll edilməsi məsələsinə gəldikdə, nazirin sözlərinə görə, bu ancaq Azərbaycan cəmiyyətinin oraya qaytarılmasından sonra mümkün olacaq. "Dağlıq Qarabağa veriləcək status danışıqlar yolu ilə həll ediləcək", - nazir bildirib.

Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağda keçiriləcək referendum qanunsuz hesab edilir, belə ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq, ölkədə keçirilən hər hansı bir referendum ölkənin bir hissəsini deyil, bütün ərazisini əhatə etməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş digər ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti