...

Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir – Azərbaycanın spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2010 16:47 (UTC +04:00)
Azərbyacan Parlamentinin sədri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həm regionun, həm də Avropanın təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir – Azərbaycanın spikeri

Azərbyacan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbyacan Parlamentinin sədri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həm regionun, həm də Avropanın təhlükəsizliyinə ciddi təhlükə yaradır.

"Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ölkəmizin inkişafına ciddi maneə törədir", - Trend-in məlumatına görə, çərşənbə axşamı bunu Milli Məclisin sədri Oqtay Əsədov İsveçrə Paralamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun rəhbəri Kristin Egerzegi-Obristin rəhbəlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əsədovun sözlərinə görə, Almaniya Bundestaqı və İtaliya Parlamenti Cənubi Qafqazdakı vəziyyətə dair xüsusi sənədlər qəbul edərək, Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyiblər.

"Hazırda Böyük Britaniya Parlamenti belə bir sənəd hazırlayır. Biz münaqişənin həllində tutduğu mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə dövlətinə minnətdarıq. Çox istərdik ki, İsveçrə Parlamenti də belə bir sənəd qəbul etsin", - spiker əlavə edib.

Milli Məclis sədrinin fikrincə, Azərbaycan ilə İsveçrə arasındakı dostluq münasibətləri daim inkişaf edir və əlaqələrin genişlənməsində dövlət başçılarının xüsusi rolu var. "Dövlət başçılarının, eləcə də parlament sədrlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, əldə olunan razılaşmalar öz bəhrəsini verir. Ümid edirik ki, sizin bu səfəriniz də münasibətlərimizin inkişafına təkan verəcək", - Əsədov vurğulayıb.

Kristin Egerzegi-Obristin sözlərinə görə, İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır.

"Bu münaqişə həqiqətən də təkcə region üçün deyil, Avropanın özü üçün də ciddi təhlükə mənbəyidir. Odur ki, problem tezliklə öz ədalətli həllini tapmalıdır", - dostluq qrupunun rəhbəri xatırladıb.

Azərbaycan-İsveçrə dostluq qrupunun üzvlərinin bu gündən Azərbaycana səfəri başlayıb.

Xəbər lenti

Xəbər lenti