...

NATO PA-da Dağlıq Qarabağla bağlı sənəd üzərində iş aparılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2011 16:40 (UTC +04:00)
NATO Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin qəbul olunması üzərində iş aparılır.
NATO PA-da Dağlıq Qarabağla bağlı sənəd üzərində iş aparılır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

NATO Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin qəbul olunması üzərində iş aparılır. Bu barədə Trend-ə millət vəkili, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib.

"2010-cu il noyabrın sonlarında keçirilən Lissabon sammitində NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyi ilə bağlı öz münasibətini bildirib. Biz çalışırıq ki, NATO PA-da bu məsələyə baxılsın və müvafiq sənəd qəbul olunsun. Artıq bu sənədin üzərində iş gedir", - İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, NATO PA-nın bütün plenar və komitə iclaslarında dolayısı ilə olsa da Dağlıq Qarabağla bağlı müzakirələr keçirilir. "Cənubi Qafqazda münaqişələrin həllində Rusiya-NATO münasibətləri və Gürcüstandakı vəziyyət müzakirə olunarkən Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunulur, çünki bu problem Cənubi Qafqaz ətrafında baş verən hadisələrə də təsir göstərir", - millət vəkili qeyd edib.

Nümayəndə heyətinin üzvü bütün beynəlxalq təşkilatlarda qəbul olunan sənədlərdə Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğala məruz qalmasının əks olunduğunu qeyd edərək bildirib ki, Azərbaycan NATO-nun assosiativ üzvüdür, ikitərəfli əməkdaşlıq edir və NATO PA-nın bu problemlə bağlı münasibət bildirməsinə çalışması Azərbaycanın haqqıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti