...

Politoloq: Vasitəçilər Dağlıq Qarabağın statusu məsələsində Ermənistanın yanındadırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2013 14:57 (UTC +04:00)
Vasitəçilər Ermənistandan Dağlıq Qarabağa təşkil etmək niyyətində olduqları aviareysin icazə mexanizmini tapmalıdırlar.
Politoloq: Vasitəçilər Dağlıq Qarabağın statusu məsələsində Ermənistanın yanındadırlar

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Vasitəçilər Ermənistandan Dağlıq Qarabağa təşkil etmək niyyətində olduqları aviareysin icazə mexanizmini tapmalıdırlar.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Politoloq qeyd edib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (IKAO) Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa uçuşlara icazə verməyəcəyini bildirib. Lakin ATƏT-in Minsk qrupu həmsədrləri BMAT-ın (IKAO) bu mövqeyini nəzərə almaq niyyətində deyillər. Vasitəçilər aviareysin açılması ilə bağlı Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağın de-fakto "rəhbər"liyinin ajiotajlı mövqeyindən münaqişənin tənzimlənməsi istiqamətində istifadə edə bilərlər.

"Doğrudan da Ermənistana aviareys təşkil etmək lazımdırsa, bu aviareys üçün icazə mexanizminin olması birinci zəruri şərtdir. İcazəni almaq üçün Ermənistanın dövlət başçısı Azərbaycan Prezidentinə və ya Ermənistan hökuməti Azərbaycan hökumətinə müraciət edə bilərdi. Minsk qrupu həmsədrləri Ermənistan rəhbərliyindən belə məktub almaqla münaqişənin tənzimlənməsində dönüş yarada bilərlər. Ermənistan rəhbərliyinin aviareys açmaqla bağlı Azərbaycana etdiyi müraciət Ermənistan əhalisində ciddi narazılıq yaratmayacaq. Vasitəçilər yaranmış bu haldan istifadə etməlidirlər", - Əhmədoğlu əlavə edib.

Lakin mərkəzin direktoru hesab edir ki, Ermənistanın indiki durumu yeni aviareysin işə salınması üçün münasib deyil. Belə ki, Ermənistanın milli aviaşirkəti olan "Armavia" şirkəti müflis olub, digər aviaşirkətlərin də maliyyə problemləri var. Ermənistanın aviaşirkətlərinin xarici şirkətlərə borcu 50 milyon dollardır. Bu borcun 45 milyon dolları "Armavia"-nın, 5 milyon dolları isə qalan yerli aviaşirkətlərin payına düşür. Bundan əlavə, Ermənistanda ölkədaxili aviadaşımaçılıq inkişaf etməyib. Bunun heç bir nümunəsi yoxdur.

Dağlıq Qarabağda 50 mini yerli insan olmaqla 70-80 min erməni yaşayır. Bu qədər əhalinin aviareysə ehtiyacının olması şübhə doğurur. Əhalinin sosial-iqtisadi vəziyyəti də onlara təyyarədən istifadə etməyə imkan vermir. Dağlıq Qarabağ "hökuməti"nin əsas məqsədi əhalinin Dağlıq Qarabağdan köçməsinə imkan verməməkdir.

"Sərbəst yerdəyişmə hüququna istinad etmək ikili standartın ən bariz nümunəsidir. Dağlıq Qarabağ ermənilərinin sərbəst yerdəyişmə hüququnun tam və hərtərəfli təmini fonunda Dağlıq Qarabağ azərbaycanlılarının vaxtilə yaşadığı torpaqlara getməsinə icazə verilmir. Erməninin Dağlıq Qarabağdan Ermənistana və ya əksinə hərəkətini asanlaşdırmaq istiqamətində bütün addımları atanlar Ağdam, Füzuli, Cəbrayıl və s. rayonların sakinlərinin bir kənddən o biri kəndə hətta piyada getməsinə qadağa qoyublar. Bütün bunları ümumiləşdirsək, Ermənistan-Dağlıq Qarabağ aviareysinin açılmasının siyasi məsələ olduğu tam aydınlaşır", - Əhmədoğlu qeyd edib.

Onun sözlərinə görə, Serj Sarqsyan bunu seçki kampaniyası zamanı etiraf edib. Politoloq hesab edir ki, Yerevan-Xankəndi aviareysi məsələsi Dağlıq Qarabağın kimin səlahiyyətində olması məsələsinə aydınlıq gətirə bilər. Bu halda da vasitəçilərin mövqeyi göstərir ki, Dağlıq Qarabağın statusu məsələsində onlar Ermənistanın yanındadırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti