...

Litva GUAM ərazilərindəki münaqişələrlə bağlı konfransda təmsil olunacaq – səfir

Siyasət Materials 11 Aprel 2008 13:28 (UTC +04:00)
Litva GUAM ərazilərindəki münaqişələrlə bağlı konfransda təmsil olunacaq – səfir

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir S.Ağayeva/ Litva aprelin 15-16-da Bakıda keçiriləcək "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"a (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) üzv ölkələrin ərazilərində münaqişələrin nizamlanmasına dair müzakirələrdə iştirak edəcək.

Bakıda keçiriləcək beynəlxalq konfrans zamanı Sovet İttifaqının dağılmasından sonra GUAM ölkələri ərazisində yaranan Dnestryanı, Gürcüstan-Abxaziya, Gürcüstan-Osetiya və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üzrə prinsipial əsaslar müzakirə olunacaq.

Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanasın Trend a verdiyi məlumata görə, Litvanın xarici işlər nazirinin müavini Yaroslav Neveroviç konfransda iştirak etmək üçün Bakıya səfər edəcək. Səfir bildirib ki, Litva, üzvləri ilə sıx münasibətdə olduğu GUAM ölkələri ərazilərindəki bütün münaqişələrin tezliklə nizamlanmasında maraqlıdır.

Rəsmi Vilnüs beynəlxalq ictimaiyyəti bu münaqişələrin həllində əsas hərəkətverici qüvvə hesab edərək GUAM ölkələri daxilindəki dondurulmuş münaqişələrin həll edilməsi üçün beynəlxalq ictimaiyyətin cəlb edilməsi zərurətinin olması barədə dəfələrlə bəyan edib. Bu ölkənin parlamenti tərəflərin istəyi olacağı təqdirdə Cənubi Qafqazda öz sülhməramlılarını yerləşdirməyə razı olduğunu bildirib.

Martın əvvəlində BMT Baş Assambleyasının iclasında Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərədə tutan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə qəbul olunub. İclasda 39 ölkə Qətnamənin "lehinə", 7 ölkə "əleyhinə" səs verib, 100 ölkə isə bitərəf qalıb.

Qətnamədə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərində mövcud olan silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsi" və Cənubi Qafqaz ölkələrində humanitar vəziyyətə mənfi təsir göstərməsinə dair ciddi narahatlıq ifadə olunub.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti