...

Müxalifət qurumu mitinqin keçirilməsi üçün meydanları müəyyənləşdirib

Siyasət Materials 18 Aprel 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir C.Babayeva/ Demokratik Seçki Mərkəzinin (DSM) mayın 12-nə planlaşdırdığı mitinqin Bakının beş mərkəzi meydanından birində keçirilməsinə qərar verilib. Bu barədə cümə günü Trend a DSM-də təmsil olunan Təkamül Partiyasının sədri Teyyub Qəni məlumat verib.

Yanvarın 30-da doqquz müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyaları Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

12 may - Bişkək sazişinin imzalanmasının ildönümü günü Bakının mərkəzi hissəsində keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycan ordusunda radikal islahatların aparılması və rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdüyü öhdəlikdən imtina etməsi tələbləri səsləndiriləcək.

1994-cü il mayın 12-də Bişkək şəhərində imzalanmış saziş əsasında Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimi tətbiq olunub və o vaxtdan indiyədək bu rejim davam edir.

Qəninin sözlərinə görə, DSM-in təklif etdiyi yerlər - Dənizkənarı Milli Park, Nəriman Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Elmlər Akademiyasının bağı və Cəfər Cabbarlı meydanıdır.

"DSM mitinqin keçirilməsində israrlıdır. Yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq"- deyə partiya sədri bildirib.

DSM-də təmsil olunan Açıq Cəmiyyət və Yaşıllar Partiyası mitinqdə iştirak etməyəcək. Bu iki partiya hesab edir ki, DSM yalnız seçki məsələləri ilə əlaqədar tədbirlər keçirməlidir və onlar mitinqin tələbləri ilə razılaşmırlar.

Xəbər lenti

Xəbər lenti