...

Azərbaycan Daxili İşlər Nazirliyi və Niderland Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair Memorandom imzalanıb

Siyasət Materials 10 Avqust 2010 13:15 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair Anlaşma Memorandomu imzalanıb.
Azərbaycan Daxili İşlər Nazirliyi və Niderland  Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair Memorandom imzalanıb

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair Anlaşma Memorandomu imzalanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, memorandom Niderlandın ədliyyə naziri Ernst Xirş Ballinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 10-da Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir ona Daxili İşlər Nazirliyinin funksiyası və fəaliyyət istiqamətləri, eləcə də müstəqilliyimizin ilk illərində hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə məlumat verib.

Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin MDB məkanında sonuncu yerlərdən birini tutduğunu xatırladaraq bildirib ki, kriminogen durumun nəzarətdə olması, sabitliyin dönməzliyinin təmini, ilk növbədə, vətəndaşlarımızın, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayənin yatırılmasına əlverişli şərait yaradıb.

Daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlər barədə danışan nazir, transmilli mütəşəkkil cinayətkarlığın qanunsuz miqrasiya, insan alveri, narkotiklərin dövriyyəsi və digər bu kimi təhlükəli növləri ilə mübarizənin bütün dünya ölkələri üçün aktual olduğunu, getdikcə qlobal miqyas alan belə cinayətlərə qarşı dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların birgə mübarizə aparmalarının əhəmiyyətini vurğulayıb.

Niderlandın ədliyyə naziri Azərbaycanda yaxşılığa doğru dəyişikliklərin çox güclü olduğunu, bütün sahələrdə nəzərə çarpan dinamik inkişafdan, böyük vüsətlə davam edən iqtisadi tərəqqidən məmnunluq duyduğunu bildirib. O, ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti