...

Strasburqda AŞPA-nın növbəti sessiyası öz işinə başlayır

Siyasət Materials 11 Aprel 2011 11:54 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti təşkilatın bazar ertəsi Strasburqda açılan yaz sessiyasında iştirak edir.
Strasburqda AŞPA-nın növbəti sessiyası öz işinə başlayır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti təşkilatın bazar ertəsi Strasburqda açılan yaz sessiyasında iştirak edir.

Azərbaycanın nümayəndə heyəti əvvəllər olduğu kimi, müzakirələrdə fəal iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə bir müddət əvvəl nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, qarşıda zəngin iş durur. Bir çox maraqlı və mühüm məsələlərin müzakirəsi gözlənilir. Azərbaycanın nümayəndə heyəti bütün əvvəlki sessiyalarda olduğu kimi, komitə və altkomitələrin iclaslarında fəallıq göstərmək niyyətindədir.

AŞPA-nın aprelin 11-dən 15-dək Strasburqda keçiriləcək yaz sessiyasının əsas məqamlarından biri aprelin 12-də aparılacaq mədəniyyətlərarası dialoqun dini ölçüləri üzrə müzakirələr olacaq. Bu barədə təşkilatın rəsmi saytında dərc olunan məlumatda deyilir.

Rumıniya Patriarxı Daniil, Vatikanın dinlərarası dialoq üzrə Papa Şurasının sədri kardinal Jan-Lui Toran, Türkiyə Dini İşlər üzrə İdarəsinin sədri, professor Mehmet Görməz, Rusiyanın baş ravvini Berl Lazar və Almaniyadakı Yevangeliya Kilsəsi Şurasının bu ölkədəki və Aİ-dəki səlahiyyətli nümayəndəsi, prelat Bernqard Felmberq kimi görkəmli dini xadimləri söz alacaqlar.

Sessiyadakı digər mühüm hadisə çərşənbə günü, aprelin 13-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışı olacaq.

Gündəlikdə, həmçinin AŞ üzvü kimi Gürcüstanın öz öhdəliklərinə əməl etməsi, seçki yaşının 16 yaşadək azaldılması, Avropada kənd yerlərində qadınların vəziyyəti haqqında, dövlətlərin həddindən artıq borcları və tərbiyə - məktəblərdə zorakılığa qarşı mübarizədə vasitə kimi məsələlər də durur. Müzakirələrdə AŞ-yə üzv olan ölkələrdə və müşahidəçi ölkələrdə ölüm cəzası haqqında Ölüm cəzasına qarşı Beynəlxalq Komissiyanın sədri Federiko Mayor Saraqosa çıxış edəcək.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nazirlər Komitəsində Assambleyanın ünvanına məlumatla çıxış edəcək, AŞ-nin insan haqları üzrə komissarı Tomas Hammarberq 2010-cu ildəki fəaliyyətinə dair məruzə təqdim edəcək.

Assambleyanın açılışı günündə Avropanın cənub sahillərinə miqrantların, sığınacaq axtaran şəxslərin və qaçqınların kütləvi axını barədə növbədənkənar müzakirələrin keçirilməsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti