...

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır

Siyasət Materials 4 İyun 2012 19:36 (UTC +04:00)
Azərbaycan Avrasiya məkanında etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi və konfransının iştirakçılarına müraciətində deyilir.
Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Avrasiya məkanında etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi və konfransının iştirakçılarına müraciətində deyilir.

"Bu mötəbər ənənəvi tədbirin bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən elan edilmiş yeni neft siyasəti ilə eyni vaxtda, 1994-cü ildə qoyulmuşdur", - müraciətdə qeyd olunur.

Bildirilir ki, həmin dövrdən Bakıda ardıcıl keçirilən belə mühüm sərgi və konfransların ölkəmizin müəllifi və ya bilavasitə iştirakçısı olduğu strateji layihələrin həyata keçirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində və qlobal tərəfdaşlığın qurulmasında böyük rolu var.

"Azərbaycan hazırda Avrasiya məkanında həm dayanıqlı infrastruktura və şaxələnmiş neft-qaz kəmərləri sisteminə malik etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır, həm də xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir. Respublikamızın başlatdığı daha bir irimiqyaslı layihə ən müasir tələblərə cavab verən neft-kimya kompleksinin yaradılmasıdır", - müraciətdə deyilir.

Qeyd olunur ki, əməkdaşlıq üçün geniş perspektivlər açan bu meqalayihə Azərbaycanın neft-qaz emalı sənayesini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.

"Builki sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir. Əminəm ki, bu görüşünüz də qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyən olunmasına öz dəyərli töhfəsini verəcəkdir", - Prezident İlham Əliyev müraciətində bildirib.

Xəbər lenti

Xəbər lenti