...

Prezident İlham Əliyev: İndi əsas məsələ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsidir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 Aprel 2013 13:41 (UTC +04:00)
Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ öz iqtisadiyyatının şaxələndirilməsidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) çıxışı zamanı İlham Əliyev bildirib.
Prezident İlham Əliyev: İndi əsas məsələ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsidir (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezidentin çıxışıəlavə edilib (İlk xəbər 11:25-də yayılıb)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyev /

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ öz iqtisadiyyatının şaxələndirilməsidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) çıxışı zamanı İlham Əliyev bildirib.

Ölkə başçısı bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifi qəbul etdiyi üçün forumun rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti Ümumdünya İqtisadi Forumunda artıq yeddinci dəfədir iştirak edir.

"Bu iştirak, həmçinin müzakirələrdə iştirak, dünyanın biznes elitası ilə qarşılıqlı təsir bizə ölkə iqtisadiyyatını şaxələndirməyə çox kömək etdi", - ölkə başçısı qeyd edib.

"Bizim iqtisadiyyat energetika sahəsi ilə bağlı inkişaf etdiyindən və bu sahə xarici sərmayələr üçün daha cəlbedici olduğundan, bizim üçün hazırda əsas məsələ iqtisadiyyatın şaxələndirilməsidir", - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, bunu etmək üçün Azərbaycan özünü dünyaya, biznes mühitinə yalnız əhəmiyyəli strateji yerdə yerləşən və təbii sərvətlərlə zəngin ölkə kimi yox, həm də islahatlara və şaxələndirmələrə sadiq ölkə kimi tanıtmalıdır.

"Ümumdünya İqtisadi Forumunun tədbirlərində olan imkanlar Azərbaycana əvvəllər bu ölkə barədə anlayışı olmayan şirkətlərlə əlaqələri genişləndirməyə kömək edib", - Prezident İlham Əliyev qeyd edib.

"Bizim ölkəmiz nisbətən gəncdir, biz cəmi 21 ildir ki, müstəqilik. Lakin Azərbaycan möhtəşəm tarixi, ənənələri və mədəniyyəti olan ölkədir. Mən əminəm ki, bizim qonaqlar Azərbaycan haqqında daha çox öyrənmək imkanı əldə edəcəklər", - Prezident bildirib.

Prezident İlham Əliyevin sözlərinə görə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd edib ki, onun Azərbaycan Respublikasına ilk səfəri 1993-cü ilin martında müstəqil, gənc ölkənin ən çətin vaxtlarına düşüb.

"Bizim müstəqilliyimizin iki ildən az təcrübəsi var idi və həmin vaxt Azərbaycanda durum, düşünürəm ki, postsovet dövründə ən pis vəziyyət idi. Bizdə daxili toqquşmalar, vətəndaş müharibəsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə Azərbaycan əraziləri kimi tanınan 20 faiz torpaqlarımızın işğal olunduğu müharibə dövrü idi", - İlham Əliyev bildirib.

Dövlət başçısının fikrincə, 1993-cü il, həqiqətən, ölkənin inkişafı üçün dönüş ili olub. "1993-cü ilin ikinci yarısından vəziyyət sabitləşməyə başladı, Azərbaycan özünü beynəlxalq aləmə təqdim etməklə çox ciddi, radikal siyasi və iqtisadi islahatlar keçirməyə başladı".

Bu plan iqtisadiyyatından bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid idi.

"Mən sizə deyə bilərəm ki, 20 il, təbii ki, tarix baxımından elə də böyük dövr deyil, ancaq o, eyni zamanda əsl transformasiyalar dövrü olub", - Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, islahatlar prosesinin ilkin mərhələsində Azərbaycan böyük sərmayələr cəlb edə bildi və ölkə energetika sahəsində fəaliyyət göstərən şirkətlərə Azərbaycana sərmayə yatırdıqları üçün minnətdardır.

"Sonrakı mərhələdə ölkə iqtisadi inkişaf istiqamətini energetika sahəsindən qeyri-neft sahəsinə dəyişə bildi və neft və qazla bağlı olmayan sahələrə sərmayə cəlb etdi. Bu proseslər indi də davam edir və bu Azərbaycana yaxın illərdə onun davamlı inkişafı üçün yaxşı imkanlar yaradacaq", - dövlət başçısı bildirib.

Dövlət başçısı, həmçinin Azərbaycanın çox əlverişli coğrafi mövqeyini qeyd edərək vurğulayıb ki, bu amil infrastruktursuz böyük əhəmiyyətə malik deyil.

"Bizim təbii sərvətlərimiz var və biz artıq karbohidrogenlərimiz üçün şaxələndirilmiş nəqliyyat şəbəkəsini yaratmışıq. Neft və qazın ixraci üçün ölkə boru kəmərləri tikməli idi", - Prezident qeyd edib.

Dövlət başçısının fikrincə, bu, ötən əsrin 90-cı illərində və bu əsrin əvvəllərində ən böyük problem idi və bu problem uğurla həll edilib.

"Bu gün biz Azərbaycan neftini və qazını beynəlxalq və Avropa bazarlarına çıxarmaq üçün şaxələndirilmiş kəmərlər şəbəkəsinə, yeddi ədəd neft və qaz kəmərinə malikik", - İlham Əliyev bildirib.

Eyni zamanda, Prezident qeyd edib ki, Azərbaycan artıq öz tərəfdaşları üçün Xəzər karbohidrogenlərinin daşınması planında tranzit ölkəyə çevrilib.

"Bizim son on il ərzində əsas hədəfimiz iqtisadiyyatın şaxələndirilməsi olub. Və əgər siz Azərbaycanın iqtisadi inkişafına baxsanız, görəcəksiniz ki, son illər ərzində iqtisadiyyatımız sürətlə inkişaf edənlərdən biri olub. Ölkənin ÜDM-i 300 faiz, sənaye istehsalı isə 2,5 dəfə artıb", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, ölkədə işsizliyin səviyyəsini 5,2 faizə qədər azaltmaq mümkün olub.

"On il bundan əvvəl, Azərbaycan əhalisinin, demək olar ki, yarısı yoxsulluq səviyyəsində yaşayıb. Hazırda yoxsulluğun səviyyəsi 6 faiz təşkil edir, dövlət büdcəsinin xərcləri 20 faizə qədər artıb, inflyasiya isə 1 faiz təşkil edir. Bütün bunlar son on ilin hadisələridir və biz bu nəticələrin Ümumdünya İqtisadi Forumunun Azərbaycanın 46-cı pilləni tutduğu rəqabətədavamlılığa görə qiymətləndirilməsində əks olunmasında və ardıcıl olaraq MDB ölkələri arasında 4 il ərzində birinci yeri tutduğunu görməyə çox şadıq", - ölkə rəhbəri bildirib.

Prezidentin sözlərinə görə, ölkə iqtisadiyyatı hətta iqtisadi və maliyyə böhranı zamanı da artıb.

"Hətta neft və qazın qiymətlərinin əhəmiyyətli dərəcədə düşdüyü vaxt belə, qeyri-neft sektoru yaxşı nəticələr gətirdiyindən bizim iqtisadiyyatımız əvvəlki kimi artırdı. "Fitch", "SNP" və "Moody's" kimi bütün böyük kredit agentlikləri Azərbaycanın yaxın vaxtlarda kredit reytinqlərini yenilədi ki, bu da, həmçinin islahatların uğurunun yaxşı əlamətidir", - İlham Əliyev bildirib.

Prezident bildirib ki, hazırda Azərbaycan öz neft sərvətlərini insan kapitalına çevirir və gələcək üçün ən əsas vəzifələrdən biri təhsildir ki, bu da hər hansı bir ölkənin uğurla inkişafı üçün ən əhəmiyyətli amildir.

Dövlət başçısının sözlərinə görə, təhsil sahəsinə yatırılan sərmayələr, Azərbaycan universitetləri və dünyanın aparıcı universitetləri arasında yaradılan əlaqələr, ölkənin yüksək intellektli insan kapitalına əsaslanan iqtisadi gələcəyini planlaşdırmağa imkan verir.

Eyni zamanda, İlham Əliyev əlavə edib ki, hazırda ölkə yeni texnologiyalara sərmayə yatırır. Və İKT sahəsi Azərbaycanda prioritetlilərdən birinə çevrilir.

"Fevral ayında Azərbaycana məxsus "Azerspace 1" peyki uğurla orbitə çıxarılıb ki, bu da Azərbaycanın kosmik sənayə sahəsində inkişafının yalnız başlanğıcıdır. Bununla da müstəqilliyin bu illəri yalnız siyasi və iqtisadi transformasiyalar deyil, həmçinin, ən yaxın vaxtlarda sərvətlər gətirəcək aktiv investisiyaların yatırıldığı illərdir", - Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, əlverişli investisiya iqliminin yaradılması islahatların prosesinin başlanğıcında prioritetlərdən biri idi və son 10 illər ərzində ölkəyə 130 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunlardan bir hissəsini xarici sərmayələr təşkil edib.

"Əlverişli investisiya iqlimi, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabitlik və əlbəttə ki, regional əlaqələr - bu istənilən ölkə üçün müvəffəqiyyətin əsas ilkin şərtləridir. Bu gün müzakirə olunan məsələlərdən biri, əlbəttə ki, regional əməkdaşlıq, inteqrasiya mövzusu olacaq" - Prezident bldirib.

İlham Əliyev deyib ki, ötən əsrin 90-cı illərinin əvvəlindən həyata keçirilməyə başlanılan layihələr yalnız Azərbaycanın iqtisadi inkişafı üçün deyil, həmçinin geniş regional əməkdaşlığa istiqamətlənmişdi.

"Azərbaycan Xəzər dənizini xarici sərmayədarlar üçün açan ilk ölkədir. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Bu neft-qaz dəhlizləri sonradan ümumi geosiyasi və nəqliyyat dəhlizləri rolunu oynamağa başladı", - dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, hazırda ən əhəmiyyətli layihələrdən biri olan Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutan layihə yekunlaşmaq üzrədir.

"Mən fəxr edirəm ki, biz bu layihənin reallaşdırlmasında yalnız maliyyə sahəsində deyil, həmçinin bu layihənin reallaşdırılması üçün bizim öhdəliklərimizin və siyasi iradənin köməyi ilə ən əhəmiyyətli rollardan birini oynamışıq", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, əlbəttə ki, energetika amili, ölkə hökuməti nöqteyi-nəzərindən, daha əsas prioritet deyil, ancaq Azərbaycanın energetika potensialı regionun, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır və bundan sonra da oynayacaq.

İki il bundan əvvəl Aİ ilə hazırda həyata keçirilən energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorondum imzalanıb.

"Son dövrlərdə ən əhəmiyyətli hadisələrdən biri Azərbaycanın təşəbbüskarı olduğu və bizim tərədaşlarımız olan Türkiyə və Gürcüstanın aktiv şəkildə dəstəklədiyi TANAP layihəsi üzrə razılaşmanın imzalanmasıdır", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu layihəni reallaşdırmaq üçün əsas maliyyə öhdəliklərini öz üzərinə götürüb və minimum 100 il ərzində istismar olunmaq üçün daha bir dəhliz tikəcək.

"Azərbaycanın böyük qaz ehtiyalarını və regionun potensial ehtiyatlarını nəzərə alsaq, onda bu dəhliz yaxın onilliklər ərzində öz rolunu oynaya bilər. Və təbii ki, regional əməkdaşlığa yalnız siyasi cəhətdən sabit və inkişaf edən ölkələrdə nail olmaq mümkündür. Bu gün biz nəqiliyyat marşrutları, əməkdaşlıq, inteqrasiya haqqında danışacağıq və bu, bütün cəlb edilən ölkələrin bu prosesə eyni münasibətə malik olacağı vaxt mümkün olacaq. Mən şadam ki, biz regionun inkişafını sıx əlaqələrdə, əməkdaşlıqda, inteqrasiyada, ölkələrimizin və insanlarımızın yaxşı gələcəyi üçün ən yaxşı həyatı təmin etmək üçün səylərimizin birləşməsində görürük", - Prezident qeyd edib.

Dövlət başçısı bir daha Azərbaycana gələn forum iştirakçılarını salamlayıb və Ümumdünya İqtisadi Forumunun icraçı rəhbəri Klaus Şvaba və onun nümayəndə heyətinə forumun Bakıda keçirilməsinə görə öz təşəkkürünü bildirib.

"Mən əminəm ki, bu hadisə bizim gündəlik həyatımıza çox güclü nəticələr gətirəcək və region daha sabit, daha proqnozlaşdırıla bilən və daha firavan olacaq", - İlham Əliyev bildirib.

Foto: AzərTAc
Məqalədə:
Xəbər lenti

Xəbər lenti