...

Rumıniya Prezidenti Azərbaycan səfirini missiyasının başa çatması ilə əlaqədar təltif etmişdir

Siyasət Materials 17 Aprel 2013 03:40 (UTC +04:00)
Çərşənbə axşamı Rumıniya Prezidenti Trayan Basesku AR Rumıniyadakı diplomatik missiyasının başa çatması ilə əlaqədar Eldar Həsənovu öz iqamətgahında qəbul etmişdir.
Rumıniya Prezidenti Azərbaycan səfirini missiyasının başa çatması ilə əlaqədar təltif etmişdir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Çərşənbə axşamı Rumıniya Prezidenti cənab Trayan Basesku Azərbaycanın səfiri Eldar Həsənovu Rumıniyadakı diplomatik missiyasının başa çatması ilə əlaqədar öz iqamətgahında qəbul etmişdir.

Təkbətək görüşdə Rumıniya Prezidenti Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın önəminə diqqət çəkərək, münasibətlərin bu səviyyəyə gəlib çatmasında səfir kimi Eldar Həsənovun fəaliyyətini yüksək qiymətləndirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Öz növbəsində, Eldar Həsənov səfir missiyasını maneəsiz həyata keçirməsi üçün yaradılmış əlverişli mühit, imkana və dəstəyə görə Prezident Trayan Baseskuya, Rumıniya dövlətinə dərin təşəkkürünü bildirmiş, ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə etmişdir.

Daha sonra AR Rumıniyadakı Səfirliyinin kollektivi, eləcə də Rumıniyadakı Azərbaycan və türk-tatar diasporunun fəal üzvlərinin iştirakı ilə Eldar Həsənovun rəsmi təltifetmə mərasimi keçirilmişdir. Eldar Həsənov Rumıniya Prezidentinin qərarı ilə ikitərəfli əlaqələrin hərtərəfli inkişafına verdiyi xüsusi töhfə ilə əlaqədar "Xidmətlərinə görə" Böyük Xaç dərəcəli milli ordeni ilə təltif edilmişdir.

Təltif mərasimindəki çıxışı zaman Trayan Basesku Rumıniya Azərbaycan əlaqələrinin inkişafını Avropa İttifaqının Xəzər regionu ilə siyasi, iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, məhz Azərbaycan sayəsində Rumıniyanın Türkmənistan, Özbəkistan, Qazaxıstanla daha da güclü əlaqələrinin yaradılmasına nail olduğunu qeyd etmişdir. O, Nabucco və AGRİ kimi regional enerji layihələrinin inkişafında əldə olunmuş nailiyyətlərin məhz Eldar Həsənovun səfir olduğu müddətə təsadüf etdiyini məmnunluqla vurğulamış, "Şahdəniz-2" fazasında Rumıniyanın "Romgaz" şirkətinin iştirakının Azərbaycan dövləti, AR Prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsini iki ölkə arasında etibarlı əlaqələrin bariz nümunəsi kimi qiymətləndirmişdir. Prezident Eldar Həsənovun iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafındakı xidmətlərini xüsusi vurğulayaraq, qısa dövr ərzində səfirin təşəbbüsü ilə Rumıniya və Azərbaycanın dahi şair və yazıçılarının 60-a yaxın kitablarının tərcümə edildiyini, rumın pyeslərinin Azərbaycan teatrlarında səhnələşdirildiyini bildirmişdir. Dövlət başçısı, həmçinin hər iki ölkənin tarixi şəxsiyyətlərinin əbədiləşdirilməsində Eldar Həsənovun xidmətlərini təqdirəlayiq hal kimi yüksək qiymətləndirmişdir. Sonda Prezident Eldar Həsənovun səfirlik missiyasının unudulmaz xoş təəssüratlar buraxdığını qeyd etmişdir.

Daha sonra çıxış edən Eldar Həsənov Trayan Baseskunun səmimi və xoş sözlərinə görə, eləcə də ona layiq görülmüş yüksək təltifə görə öz təşəkkürünü bildirmişdir. Eldar Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya səmimi dost münasibətini işində hər zaman rəhbər tutaraq 12 illik səfir fəaliyyətində ikitərəfli əlaqələrin dinamik inkişafı istiqamətində var gücü ilə çalışdığını, qısa müddət ərzində strateji tərəfdaşlığın yaradılması və onun həyata keçirilməsi üzrə fəaliyyət planının imzalanmasının sevindirici hal olduğunu diqqətə çatdırmış, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rumıniya dövlətinin və şəxsən Prezident Trayan Baseskunun hər zaman nümayiş etdirdiyi obyektiv, ədalətli və dəstəkçi mövqeyinə görə minnətdarlığını bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti