...

Səfər Əbiyev: "907-ci düzəliş" Azərbaycan-ABŞ hərbi əlaqələrinə mənfi təsir edir

Siyasət Materials 2 İyul 2013 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

"907-ci düzəliş"in aradan qaldırılmaması Azərbaycanla ABŞ arasında nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır".

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri Səfər Əbiyev Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi məqsədilə ölkəmizə səfərə gələn Birləşmiş Ştatların müdafiə katibinin köməkçisinin müavini xanım Evelin Farkası qəbul edib.

Görüş zamanı müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri regiondakı gərgin hərbi-siyasi vəziyyəti qonağın diqqətinə çatdırmaqla yanaşı, ölkələrarası uzunmüddətli əməkdaşlığın inkişafına maneçilik törədən bəzi amillər üzərində dayanıb. O, "907-ci düzəliş"in indiyədək aradan qaldırılmamasının mənfi təsirlərini xüsusilə vurğulayıb: "Bu düzəliş nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır."

Nazirin fikrincə, vaxtilə ədalətsiz qaydada qəbul edilmiş bu düzəlişin ləğvi gələcək əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradar.

Görüş zamanı Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığa dair digər mühüm məsələlər barədə də geniş müzakirələr aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti