Azərbaycan, Bakı, 3 iyul /Trend/
İyulun 3-də ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, H.Kıvrıkoğlu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
Nazir S.Əbiyev hörmətli qonağın Azərbaycana səfərinin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə ordu generalı H.Kıvrıkoğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və Azərbaycan Silahlı Qüvvələrinin "95 illik yubiley" medalları ilə təltif olunub.