Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələr arasında yaranmış geniş əlaqələrdən məmnunluq ifadə olunub. Hərbi sahədə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev koreyalı qonaqları bölgədəki gərgin hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. O, qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş Azərbaycan torpaqları 20 ilə yaxındır ki, geri qaytarılmır. Münaqişənin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətini yürütməkdə davam edir. Nazirin fikrincə, Minsk qrupunun fəaliyyəti də indiyədək nəticə verməyib. Nazir daha sonra bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrini gücləndirərək işğal olunmuş torpaqları azad etməkdən başqa yolu qalmır.
Koreyalı deputatlar Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayaraq hər iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasının önəmini də ifadə ediblər.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn iştirak edib.