...

Azərbaycanda məhkəmə hakimlərinin siyasi hakimiyyətdən asılılığı məsələsinə rəsmən aydınlıq gətirildi

Siyasət Materials 1 Avqust 2013 12:49 (UTC +04:00)
Məhkəmə hakimlərinin siyasi hakimiyyətdən asılılığı barədə səslənən iddialar həqiqətə uyğun deyil. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin və Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İman Nağıyev bildirib.
Azərbaycanda məhkəmə hakimlərinin siyasi hakimiyyətdən asılılığı məsələsinə rəsmən aydınlıq gətirildi

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

Məhkəmə hakimlərinin siyasi hakimiyyətdən asılılığı barədə səslənən iddialar həqiqətəuyğun deyil. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin və Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İman Nağıyev bildirib.

İ.Nağıyevin sözlərinə görə, belə bir asılılıq mövcud deyil: "Sübut edin ki, mən hansısa işlə bağlı qərar verərkən asılı olmuşam. Bunu sübut etsəniz, mən də deyərəm ki, düz deyirsiniz. Gətirin göstərin. 25 ildir hakim işləyirəm. Mənə elə bir misal göstərin ki, bu 25 ildə hansısa verdiyim qərarda asılılığım olub. Onda deyərəm ki, düz danışırsınız. Amma belə bir şey yoxdur".

Hakimliyə namizədlərin seçkisi zamanı onların siyasi əqidəsinə görə ayrı-seçkiliyə yol verildiyinə və yaxud da yuxarı bal toplamış namizədlərin daha sonrakı mərhələdə kəsildiyinə dair səslənən iddialara cavab verən məhkəmə sədri bildirib ki, bu fikir qətiyyən həqiqətəuyğun deyil: "Hakimliyə namizədlərin seçilməsi ilə bağlı elə bir imtahan olmayıb ki, orada hansısa müşahidəçi olmasın. Bu fikri qəbul edə bilmərəm ki, yazılı və test imtahanlarında yüksək bal toplamış şəxslər şifahi imtahanlarda kəsilir. Bu belə deyil. Avropa Şurasının ekspertləri tərəfindən müəyyən olunmuş qaydalar var. İmtahan komissiyasının üzvü bu qaydalara uyğun olaraq öz balını verir. Bu toplanan ballara uyğun olaraq namizəd keçmiş və ya keçməmiş hesab olunur. Hakimlərin siyasi baxışlarına görə seçim edilməsi haqda deyilənlər həqiqətəuyğun deyil. Son təyinatlar zamanı siyahıda siyasi əqidəsinə görə vaxtilə başqa, yəni müxalif partiyaların üzvü olan şəxslər də var."

Seçki prosesində məhkəmələrin üzərinə düşən vəzifələrdən danışan İman Nağıyevin sözlərinə görə, bu vəzifələr qanunvericiliklə nizamlanır və seçki hüququnun müdafiəsi ilə bağlı olan şikayətlərə məhkəmələrdə Seçki Məcəlləsi və İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qanuni şəkildə baxılır: "2010-cu ildə Milli Məclisə keçirilən seçkilərlə bağlı bir sıra məhkəmə qərarları olub ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində insan hüquqlarının və əsas azadlıqlarının pozuntusu ilə bağlı yerli məhkəmə qərarlarını beynəlxalq konvensiyaların müddəalarına uyğun hesab etməyiblər. Amma bunu seçkilərlə bağlı kütləvi pozuntu halı kimi qəbul etmək olmaz."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti