...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya şöhrətli heykəltəraş Toni Kreqqin sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 9 Aprel 2014 22:23 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində müasir incəsənətin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya şöhrətli heykəltəraş Toni Kreqqin sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir S.Ağayeva/

Bu gün Heydər Əliyev Mərkəzində müasir incəsənətin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov açılış mərasimində iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqları salamlayıb: "Artıq Heydər Əliyev Mərkəzi mədəniyyət və incəsənət nümunələrinin sərgilənməsi baxımından Azərbaycanda qabaqcıl yerlərdən birinə çevrilib. Son bir il ərzində Heydər Əliyev Mərkəzində dünya şöhrətli, tanınmış rəssamlar və heykəltəraşların sərgiləri keçirilib. Çox sevindirici haldır ki, çoxsaylı Bakımızın sakinləri ilə yanaşı, xarici qonaqlar da ölkəmizə səfər etdikdə məhz Heydər Əliyev Mərkəzinə gəlir və bu incəsənət nümunələri ilə tanış olurlar".

A.Ələkbərov bildirib ki, müasir incəsənət bu gün çox böyük önəm təşkil edir və Azərbaycanda da müasir incəsənətin inkişafı, müasir incəsənətə olan diqqət və çoxsaylı tədbirlərin keçirilməsi önəmlidir: "Ölkəmizdə Müasir İncəsənət Muzeyinin yaradılması, Heydər Əliyev Fondu tərəfindən "Bakıya uçuş" müasir incəsənət sərgisinin bir sıra şəhərlərdə keçirilməsi, "YARAT!" İncəsənət Məkanının təqdimatları bu sıradan olan layihələrdəndir. Bu gün bu baxımdan Heydər Əliyev Mərkəzinin binasında "Love Me, Love Me Not" sərgisi var, "Bakıya uçuş" Azərbaycan müasir incəsənət sərgisi keçirilir. Bu gün bizim Mərkəzin xüsusi təqdimatı var və bildiyiniz kimi, bu gün beynəlxalq səviyyədə tanınan heykəltəraş Toni Kreqqin sərgisi təşkil olunur. Bu sərginin təşkil olunmasında xüsusi olaraq əməyi olan bütün insanlara dərin təşəkkürümü bildirirəm. Xüsusi olaraq Heydər Əliyev Mərkəzində hər zaman dəstəyini hiss etdiyimiz və bütün beynəlxalq layihələrin, eyni zamanda, mədəni tədbirlərin keçirilməsində böyük dəstəyi olan çox hörmətli Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 9 aprel tarixində bizim dostumuz, cənab Toni Kreqqin 65 illik yubleyini qeyd edirik və ona görə də hamımızın adından cənab Toni Kreqi təbrik etmək və ona cansağlığı arzulamaq istəyirəm".

Tədbirdə çıxış edən tanınmış heykəltəraş T.Kreqq bu tədbirə dəstək olan hər kəsə minnətdarlığını bildirib: "İlk olaraq sərginin keçirilməsində göstərdiyi dəstəyə və dəvətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və sərginin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova və Mərkəzin kollektivinə də təşəkkür edirəm. Düşünürəm ki, bu sərgi çox maraqlı olacaq. Sərgidə Avropanın bir sıra qalereyalarında nümayiş etdirilən əsərlərlə tanış olacaqsınız".

Heykəltəraş yeniyetmə yaşlarından incəsənət sahəsinə marağı olduğunu bildirib, lakin atasının onun bu istəyinə qarşı çıxdığını deyib: "Kənardan baxan şəxslərə bu sahə darıxdırıcı gələ bilər, lakin düşünrəm ki, bu belə deyil. Heykəltəraşlığı digər sahələrdən seçən və ayıran məqam ondan ibarətdir ki, burada məhz yaradıcı, qeyri-adi proseslər və obyektlər yaratmaq lazımdır. Heykəltəraşlıq ən dinamik inkişaf edən mədəniyyət sahələrindən biridir. Heykəltəraşlıqla elmin fərqi ondadır ki, elm nəyisə izah etməyə çalışır, lakin heykəltəraşlıq sahəsində hər hansı materiallardan nə isə yaradırıq".
Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov çıxışında bildirib ki, nəsə yaratmaq böyük ustalıqdır: "Bildiyimə görə, bu gün Toni Kreqqin 65 yaşı tamam olur. Məncə hər şey irəlidədir, ümid edirəm ki, biz onun yeni gözəl əsərlərini təkcə sərgilərdə deyil, bizim şəhərdə də görəcəyik".
Ö.Eldarov T.Kreqə Azərbaycan Rəssamlıq Akademiyasının fəxri professor diplomu və mantiyasını təqdim edib.

Qeyd edək ki, Bakıda ilk dəfə təşkil olunan sərgidə müəllifin 28 möhtəşəm əsəri nümayiş olunacaq. Artıqaprelin 6-dan Bakıda olan T.Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak edib. Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirərək Mərkəz ərazisində sənətsevərlər üçün xüsusi bir ab-hava yaradıb.

Sərginin açılış mərasimi müəllifin 65 illik yubileyinə təsadüf edir. Açılış ərəfəsində T.Kreqqin yaradıcılığına həsr olunan sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kataloqda oxuculara müraciətində bildirib: "Geniş auditoriyaya dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm olaraq sərgilərin keçirildiyi unikal və gözəl binada - Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən xarizmatik və nüfuzlu simalarından olan tanınmış heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcəkdir. Siz valehedici və cəzbedici sənət nümunələrinin - polad, şüşə, keramika, plastik, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaqdır".

Azərbaycan paytaxtında müasir incəsənət sahəsinə səmimi bir marağın olduğunu qeyd edən Leyla Əliyeva bu istiqamətdə sərgilərin artıq ənənə şəklini aldığını, təşkil olunan hər yeni tədbirin cazibədarlığı və şövq gətirən ab-havası ilə seçildiyini bildirib. Müəllifin fıkrincə, bu, eyni zamanda, azad yaradıcı ünsiyyət, qarşılıqlı anlaşma, dostluq və inamı möhkəmləndirən birbaşa insan əlaqələri deməkdir. Bu cür sərgilər incəsənət vurğunlarına müxtəlif ölkələrin mədəni həyatının ən parlaq hadisələrini görməyə, dünyanın tanınmış muzey və qalereyalarında nümayiş etdirilən maraqlı və qeyri-adi eksponatlarla tanış olmağa şərait yaradır.

Nəşrdə, həmçinin T.Kreqq yaradıcılığı haqqında məlumat verilir, onun yaradıcılıq nümunələri - müxtəlif materiallardan olan əsərləri təqdim olunur.

Qeyd edək ki, izləyicilər üçün aprelin 10-dan açıq olacaq sərgi avqustun 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti