Bakı. Elçin Mehdiyev – Trend:
Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair Bakı Prinsipləri qəbul edilib.
Trend-in məlumatına görə, Bakı Prinsiplərində BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-lərin icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək” (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanmaq tövsiyə olunur.
Bakı Prinsiplərində Dayanıqlı İnkişaf Məqsədlərinn inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, DİM-lərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərini də diqqət mərkəzində saxlamaq öz əksini tapıb.
Bakı Prinsipləri qəbul edir ki, DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsi çoxillik prosesdir və həm Azərbaycan, həm də BMT tərəfindən uzunmüddətli və ardıcıl əməkdaşlığın təmin olunmasını şərtləndirir.