Bakı. Trend:
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Volkan Bozkır və Sofio Katsaravanın başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, görüşdə Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib.
E.Məmmədyarov üçtərəfli formatda Xarici İşlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq bir hal kimi qiymətləndirib və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusilə vurğulayıb.
Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə ediblər. Regionda mövcud münaqişələrə toxunan qonaqlar mövcud münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıblar.
Öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir E.Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirib.
Görüş zamanı tərəflər hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti üçtərəfli iclası keçirilib.