...

Manukyanın fikirləri Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa edir - Aydın Mirzəzadə

Siyasət Materials 14 Yanvar 2021 13:40
Manukyanın fikirləri Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa edir - Aydın Mirzəzadə

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın keçmiş baş naziri, hazırda müxalifətin baş nazir vəzifəsinə irəli sürdüyü vahid namizəd Vazgen Manukyanın "Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi bizə qalib gəlməkdə kömək oldu" deyə verdiyi sonuncu açıqlaması Ermənistanın özünün törətdiyi qanunsuz, beynəlxalq hüquqa zidd hərəkətlərin üstünü açır, Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Manukyan bu açıqlaması ilə özü etiraf edir ki, Ermənistan o dövrdə işğalçılıq siyasəti yeridib, qonşu dövlətin torpaqlarını işğal edib. Bu işğala həmin dövrdə Ermənistanın baş naziri olmuş Manukyan rəhbərlik edib. Onun rəhbərliyi ilə Xocalı faciəsi törədilib, 1 milyondan çox azərbaycanlı qaçqın və köçkün olub. Köçəryan da, Sarkisyan da məhz onun kadrları olublar".

A.Mirzəzadə əlavə edib ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti zəif olsa belə, Ermənistan bundan sui-istifadə etməməli idi.

Deputatın bildirdiyinə görə, Manukyan bu açıqlaması ilə işğalçılıq əhval-ruhiyyəsindən hələ də imtina etmədiklərini açıq şəkildə etiraf edir:

"O, öz ölkəsini qonşu Azərbaycanla mehriban qonşuluq siyasəti yeritməyə, sərhədləri tanımağa çağırmır. O, torpaqları itirdiyini bildirir. Amma o torpaqlar Ermənistanın deyil, Azərbaycanın beynəlxalq çərçivədə tanınan torpaqlarıdır. Əgər Manukyan hesab edirsə ki, hakimiyyətdə Paşinyan deyil, digəri olarsa, bunlar baş verməyəcək idi, çox böyük səhv edir. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün variantları nəzərdən keçirib. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan torpaqlarını işğaldan azad edəcəkdi".

Millət vəkili qeyd edib ki, bu gün Ermənistan cəmiyyətinin müəyyən bir hissəsi hələ də "Böyük Ermənistan" xülyasından əl çəkmir, milli dövlətçiliyin inkişafını beynəlxalq hüquqa hörmətdə, qonşularla xoş münasibətdə deyil, qonşu dövlətin torpaqlarına iddiada görürlər.

Deputatın fikrincə, Ermənistanın müharibədə Azərbaycana uduzmasının kökündə həmin ölkənin cinayətkar dövlətçilik siyasəti dayanır. Qonşu ölkələrlə münasibətləri orta əsr təfəkkürü ilə qurmaq lazım deyil:

"Hesab edirəm ki, Manukyan kimilərinin belə bəyanatları Ermənistanda hələ də müasir düşüncənin olmadığını, Ermənistan dövlətçiliyinin cinayətkar modeldən imtina edərək sivil modelə keçmək fikrindən uzaq olduğunu göstərir. Amma manukyanların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib".

A.Mirzəzadənin qənaətincə, Manukyan kimilərinin belə bəyanatları Ermənistan dövlətinə böyük bir zərbədir, Ermənistan xalqı üçün yeni faciələrin yaranmasına çağırışlardır:

"Ermənistanda xülyalardan ayrılmağın, vəziyyətə real qiymət verilməyin, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsinin, xalqların tarixi abidələrinə, torpaqlarına iddia etməkdən imtina etməsinin vaxtı çoxdan gəlib çatıb. Manukyanın dediyindən bir də o aydın olur ki, Ermınistanda müəyyən qüvvələr Azərbaycanda güclü dövlətin və güclü hakimiyyətin olmasından narahatdırlar. Qoy bilsinlər ki, bu, Azərbaycanda həmişə belə olacaq, Azərbaycanı bölmək və torpağına kənardan sahib çıxmaq artıq heç zaman mümkün olmayacaq".

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri, hazırda müxalifətin baş nazir vəzifəsinə irəli sürdüyü vahid namizəd Vazgen Manukyan Rusiya mətbuatına müsahibəsində "rəngli inqilablar" nəticəsində rəhbərliyə səriştəsiz şəxslərin gəldiyini söyləyib.

O bildirib ki, Ermənistanda 2018-ci ildə baş vermiş hadisələr, Nikol Paşinyanın hakimiyyətə gəlməsi adi "rəngli inqilab" idi, bu cür inqilablar isə ölkəyə yaxşı heç nə gətirmir:

"Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana Əbülfəz Elçibəyin rəhbərlik etməsi bizə kömək oldu. O vaxt "rəngli inqilab" anlayışı olmasa da, o, məhz bu yanaşmanı tətbiq edib. İndi isə Azərbaycan bizdə öz "Elçibəyimiz"in olmasından istifadə etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti