...

İordaniya mediasında 31 mart soyqırımı ilə əlaqədar bəyanat dərc edilib

Siyasət Materials 1 Aprel 2021 17:59 (UTC +04:00)
İordaniya mediasında 31 mart soyqırımı ilə əlaqədar bəyanat dərc edilib

Bakı. Trend:

Cari ilin 31 mart tarixində İordaniyada geniş oxucu auditoriyasına malik olan www.orobanews.comwww.nayrouz.com xəbər saytlarında 31 mart soyqırımı ilə əlaqədar Səfirliyin bəyanatı dərc edilib.

Azərbaycanın İordaniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, bəyanatda qeyd edilir:

“Azərbaycan xalqının tarixi, xüsusən də son iki əsrdə, misilsiz vəhşiliklər və faciələrlə doludur. Soyqırımlar şəklində ifadə olunan bu vəhşilik və faciələri törədən erməni cinayətkar və caniləri "Daşnaksütyun" partiyasının ideologiyasında yer alan "Böyük Ermənistan" ideyasından ruhlanmışlar.

Şübhəsiz ki, Çar Rusiyasının XIX əsr boyunca davamlı şəkildə yürütdüyü məskunlaşma və köçürmə siyasəti bölgənin demoqrafik tərkibinin dəyişməsinə və orada yaşayan ermənilərin sayının artmasına səbəb oldu.

Çar Rusiyasının bu cür himayəsi və qoruması fonunda yuxarıda göstərilən ideyanı həyata keçirməyə can atan erməni millətçiləri yerli əhalinin, yəni azərbaycanlıları planlı şəkildə sürgün etməyə başladı və bu işdə ən qəddar və qeyri-insani vasitələrə, yəni etnik təmizləmə və soyqırıma əl atmaqdan çəkinmədilər.

1905-1906-cı illərdə dinc Azərbaycan əhalisinə qarşı qırğınlar və amansız qətlər həyata keçirildi, Bakı, Gəncə, Qarabağ, İrəvan (bu gün Yerevan Ermənistanın paytaxtıdır), Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Zəngəzur, Qazaxda və bu bölgələrin kəndlərində yanğınlar, dağıntılar törədildi. Erməni silahlı birləşmələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, o cümlədən İrəvan və Gəncə vilayətlərində 200-dən çox yaşayış məntəqəsini darmadağın etdilər ki, bu da öz növbəsində, on minlərlə soydaşımızın ata-baba yurdlarından didərgin düşməsinə və məcburi qaçqına çevrilməsinə gətirib çıxardı.

Çar Rusiyası tərəfindən onlara vəd edilmiş bu torpaqlarda "Ermənistan dövləti"nin qurulması üçün zəmin hazırlamaq məqsədilə erməni cəlladları tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində uşaq, qadın və qocalar da daxil olmaqla, 200 mindən çox azərbaycanlı qətlə yetirildi.

1917-ci ildə Çar Rusiyasında baş verən fevral və oktyabr hadisələrindən sonra həmin ilin dekabr ayında Stepan Şaumyanın Vladimir İliç Leninin göstərişi ilə Qafqaz üzrə fövqəladə komissar təyin edilməsi fonunda "Daşnaksütyun" partiyası və “Erməni Milli Konqresi” öz fəaliyyət dairəsini genişləndirməyi qərara aldı. Erməni bolşeviki Şaumyan azərbaycanlılara qarşı kütləvi qətliamı təşkil etməyə və şəxsən bu prosesə nəzarət etməyə başladı.

1917-ci ilin əvvəlləri - 1918-ci ilin mart ayı arasında minlərlə azərbaycanlı sakin qətlə yetirildi, digər vilayətlərdə 60 yaşayış məntəqəsi daxil olmaqla, İrəvan vilayətində 197, Zəngəzur qəzasında 109 və Qarabağda 157 kənd yandırıldı və yerlə yeksan edildi.

30 Mart 1918-ci il tarixində Bakı şəhəri bolşeviklərin dəstəklədiyi erməni silahlı birləşmələrinə məxsus gəmilərdən ağır artilleriya atəşinə məruz qaldı, ardınca isə evlərə qəfil basqınlar sakinlərin qətlə yetirilməsi və yandırılması ilə müşayiət edilirdi. Ertəsi gün və aprel ayının ilk günlərində minlərlə müdafiəsiz azərbaycanlı etnik və dini mənsubiyyətinə görə kütləvi qırğına məruz qaldı. Təkcə Bakı şəhərində 12 min mülki şəxs amansızcasına qətlə yetirildi. Ümumilikdə, 1918-ci ilin mart-aprel aylarında təxminən 50.000 insan vəhşicəsinə və ağlasığmaz üsullarla öldürüldü.

Və burada xatırlamaq lazımdır ki, 2007-ci ildə Qubada kütləvi məzarlığın aşkarlanması erməni cəlladlarının azərbaycanlılara qarşı amansız əməllərini bir daha təsdiq etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 sentyabr 2013-cü il tarixində Quba soyqırımı memorial kompleksinin açılış mərasimində çıxış edərkən demişdir: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.

Qeyd edək ki, 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 31 mart günü Azərbaycanlıların Soyqırımı günü kimi elan edildi. Beləliklə, ulu öndər Heydər Əliyev 31 mart 1918-ci il tarixinə ilk dəfə siyasi qiymət verən rəhbər oldu. Ulu Öndər qeyd etmişdir: "Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə, biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən genişmiqyaslı qanlı aksiyaları ürək ağrısı ilə yad edirik”.

Bəyanatın yekununda vurğulanır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlar işğaldan azad edildikdən sonra da azərbaycanlılar Ermənistan hakimiyyəti tərəfindən məqsədyönlü qətllə üzləşirlər. Buna səbəb isə, Ermənistanın 30 illik işğal zamanı minaladığı ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsidir. Bununla da, bu dövlət azərbaycanlı məcburi köçkün və qaçqınların öz doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdış prosesini əngəlləməyə çalışır və yüz minlərlə azərbaycanlı mülki şəxsin həyatına qarşı bəd niyyətlərini bir daha nümayiş etdirir.

https://orobanews.com/2021/03/31/%D8%B3%D9%81%D8%A7%D8%B1%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A8%D8%B9%D9%85%D9%91%D8%A7%D9%86-%D8%AA%D8%B5%D8%AF%D8%B1-%D8%A8%D9%8A%D8%A7%D9%86-%D8%AD%D9%88%D9%84-%D8%A7%D9%84-2/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti