Bakı. Alpər Ziya - Trend:
Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi hərbi cinayətlərə dair "Amnesty International" təşkilatının məruzəsi göstərdi ki, Ermənistanın hərbi cinayətləri artıq beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilir. Baxmayaraq ki, Ermənistan özü bunu təkzib edir, yaxud yanlış istiqamətə yozur. Lakin Ermənistanın yalanları artıq işləmir. Çünki Azərbaycan haqq davasında bu dövlətin və onun lobbisinin bütün yalanlarını puça çıxardı.
Ona görə də hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutan "Amnesty International" kimi təşkilatların belə Ermənistanın müharibə cinayətlərindən danışması və ya bu barədə hesabat hazırlaması həm də erməni yalanlarının daha bir ifşasıdır.
Belə ki, təşkilatın məsələ ilə bağlı məruzəsində qeyd olunur ki, müharibə vaxtı nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunması müşahidə olunub. Hətta boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur.
Məruzədə o da bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb. Məhdudiyyətlər əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib.
Göründüyü kimi, Ermənistanın hərbi cinayətlərinin sayı-hesabı yoxdur artıq. İstər 27 illik işğal dönəmində Azərbaycanın mədəni və təbii sərvətlərinin talanması, istər Xocalıda törədilən soyqırımı, istərsə də İkinci Qarabağ müharibəsi dönəmində Azərbaycan şəhərlərinə mülki insanları hədəf alan raketlərin atılması və s. hamısı Ermənistanın ağır müharibə cinayətləridir. Azərbaycan əsgərlərinə qarşı qəddarcasına edilən təhqirləri də üzərinə gəlsək, Ermənistanın bir terror dövləti olduğunu açıq şəkildə görmüş olarıq...