...

Ağdaban qətliamı Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin daha bir faktıdır

Siyasət Materials 7 Aprel 2022 20:30 (UTC +04:00)
Ağdaban qətliamı Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin daha bir faktıdır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər tarixin bütün mərhələlərində Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. Bu soyqırımılardan biri də 1992-ci il aprel ayının 8-də - Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsidir.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Ağdaban qətliamı Azərbaycan xalqına qarşı son 200 ildə erməni millətçiəri tərəfindən aparılan soyqırımı və qətliam siyasətinin daha bir faktıdır.

“Ağdabanda qətlə yetirilənlər arasında uşaqlar və qocalar da var idi. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Soydaşlarımızın dərisi soyularaq ürəkləri çıxarılıb, odla onların bədənlərində xaç şəkili dağ edilib. Bu cür insaniyyətə sığmayan amansızlıqlar erməni millətçilərinin barbarlığının, vandallığının, faşizminin daha bir sübutudur.

Erməni faşizmi bəşər tarixində də bənzəri olmayan faşizmin bir növüdür. Bu faşizm həm insanlara, həm təbiətə, həm milli-mədəni irsə qarşı törədilib. İşğaldan azad edilmiş ərazilərimizdə biz bir daha erməni faşizminin şahidi oluruq. Bu yaxınlarda Xocalı rayonunun Fərrux kəndində tapılan məzarlıqlar da erməni faşismini bir daha təsdiqləyir.

Birinci Qarabağ müharibəsindən bəri 4 minə qədər soydaşımızın taleyi hələ məlum deyil. İşğaldan azad edilmiş ərazilərdə tapılan məzarlıqlar yəqin ki, itkin düşmüş soydaşlarımızın bir qisminin taleyinə aydınlıq gətirəcək. Belə kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir”, - deyə deputat qeyd edib.

O bildirib ki, bu cür məzarlıqların aşkarlanması erməni faşizminin törətdiyi cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz ermənilər tərəfindən qətlə yetirilən bütün insanlarımızın qisasını aldı. Hazırda əsas məqsəd ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət insanlığa qarşı törədilmiş bu vəhşiliklərə hüquqi qiymət versin. Bu istiqamətdə də böyük işlər aparılır”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, Ağdaban kəndində törədilən soyqırımı hadisəsi ermənilərin tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən biridir.

“Ermənilər hər zaman olduğu kimi, Ağdabanda da öz vandalizmini, öz vəhşiliyini nümayiş etdirib. Uşaq, qoca, qadın demədən, qarşısına çıxan hamını qətlə yetirib, hamıya işgəncə verib, mülki əhaliyə qarşı amansızlıq edib. Bundan sonra da ermənilər soyqırımı siyasətini davam etdirərək Xocalıda, Şuşada və digər ərazilərimizdə soyqırımı və qətliamlar törədiblər. İşğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar da erməni cinaytlərinin sübutudur.

Hesab edirəm ki, bu cür məzarlıqlar hələ bundan sonra da tapılacaq. İşğaldan azad edilmiş torpaqlarımızda tapılan bu məzarlıqlar bir daha onu göstərir ki, 90-cı illərin əvvəllərində mənfur düşmənlərimiz demək olar ki, hər rayonda vəhşiliklər törətməklə xalqımıza qarşı kütləvi qırğına yol veriblər. Təəssüflər olsun ki, bu qırğınlara beynəlxalq səviyyədə hələ də hüquqi qiymət verilməyib, lakin Azərbaycan bu istiqamətdə lazımi işlər aparır”, - deyə deputat əlavə edib.

C.Osmanov bildirib ki, Azərbaycan qətlə yetirilən insanlarımızın qanını yerdə qoymadı. “44 günlük Vətən müharibəsində qüdrətli ordumuz erməniləri ağır itkilərə uğradaraq qətlə yetirilən insanlarımızın qisasını aldı və torpaqlarımız işğaldan azad edildi. İndi isə əsas məsələ ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qırğınlara beynəlxalq müstəvidə hüquqi qiymət verilməsinə nail olmaqdır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti