...

Postmünaqişə dövründə beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış etdilər - TƏHLİL

Siyasət Materials 14 Aprel 2022 17:11 (UTC +04:00)
Postmünaqişə dövründə beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış etdilər - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibədən ilyarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatları Azərbaycana heç bir yardım göstərməyib. Dünyanın başqa ərazilərdində müharibələr baş verən zaman qeyd olunan təşkilatlar aktiv fəaliyyətə keçir, lakin Azərbaycanla bağlı susqunluq nümayiş etdirirlər ki, bu da ölkəmizə münasibətdə ikili standartların təzahürüdür.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, tarixdən məlumdur ki, müharibələr bitdikdən sonra dağıntıların aradan qaldırılması, minaların təmizlənməsi işində çox böyük işlər görülür, beynəlxalq təşkilatlar bu məsələdə fəallıq göstərirlər.

“Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri tamamilə darmadağın edilib, şəhərlər, kəndlər tamamilə yer üzündən silinib, infrastruktur tamamilə dağıdılıb, ekologiyamıza qarşı soyqırımı törədilib. Əlbəttə ki, bunlar hamısı erməni vandallığının bir nümunəsidir. Amma çox təəssüf ki, bu günə qədər bu ərazilərin bərpası ilə bağlı Azərbaycana heç bir maliyyə yardımı və ya digər formada dəstək təqdim edilməyib.

Əlbəttə, biz yaxşı bilirik ki, müharibələr bitdikdən sonra və bu qədər dağıntılardan sonra donor konfransları keçirilir, beynəlxalq təşkilatların bərpa planlarının icra praktikasına uyğun olaraq layihələr icra olunur. Elə misal üçün, İkinci Dünya müharibəsindən sonra Avropanın bərpası ilə bağlı Marşal planının tətbiq edilməsini göstərmək olar. O zaman belə plan təqdim edilməsəydi, Avropa uzun illər bərpa edilə bilməzdi.

Lakin Azərbaycanın bu qədər ərazisinin ermənilər tərəfindən dağıntıya məruz qalmasına baxmayaraq, bu günə qədər hər hansı bir konfrans və donor təşkilatlar tərəfindən yardım göstərilməsi baş verməyib. Əlbəttə ki, bu, Azərbaycana qarşı ikili standartların bir təzahürüdür”, - deyə deputat bildirib.

C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işlərini özü həyata keçirir.

“Bunun üçün həm 2021-ci ilin, həm də 2022-ci ilin dövlət büdcəsindən lazımi vəsait ayrılıb və işlər sürətli şəkildə həyata keçirilir. Amma çox təəssüf ki, ikili standartlar var və zaman-zaman Azərbaycan da bu ikili standartlara məruz qalır”, - deyə deputat əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov da Trend-ə bildirib ki, 44 Günlük Vətən müharibəsindən sonra ölkəmizin qələbəsi xaricdəki dostlarımıza sevinc hissi yaşatmış olsa da, dost olmayan qruplar arasında ölkəmizə qarşı qəzəb və məyusluqdan ibarət bir reaksiyaya səbəb oldu.

“Bunun nəticəsində Azərbaycana yaxınlaşmaq, işğaldan azad edilmiş torpaqlarımızda aparılmalı olan minadan təmizləmə və quruculuq işlərinə kömək etmək istəyən təşkilatlara və hökumətlərə təzyiq göstərməyə başladılar. Biz bu təzyiqi və bunun nəticələrini gündəlik fəaliyyətimizdə açıq-aşkar hiss edirik.

Nəinki azad edilmiş torpaqlarımızdakı işlər sahəsində, adicə hansısa konfrans və ya elmi tədbirlərdə iştirak edən və ya etmək istəyən insanlara da əsasız və qərəzli etirazların, fəaliyyətin şahidi oluruq. Düşünürəm ki, müharibədən ilyarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatlarının Azərbaycana heç bir yardım göstərməməsini həm də bu kontekstdə dəyərləndirmək lazımdır.

Biz necə ki, müharibə dövründə xalq olaraq bir yumruq kimi birləşib, çoxlarına qeyri-mümkün görünən nəticələrə nail olduq, bundan sonra da ölkəmizə qarşı fəaliyyət göstərən dövlətlərə və təşkilatlara qarşı oxşar mübarizəni davam etdirəcəyik”, - deyə o bildirib.

V.Hüseynov əlavə edib ki, beynəlxalq ictimaiyyət qəbul etməlidir ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində işğala məruz qalan yüz minlərlə insanı evindən-obasından didərgin düşən və olmazın iztirablar yaşayan tərəf Ermənistan yox, məhz Azərbaycandır.

“Buna görədir ki, ölkəmizin azad edilmiş torpaqlarda üzləşdiyi çətinlik və çağırışlara qarşı mübarizəsində ona kömək göstərməmək və bu köməkdən qərəzli olaraq imtina etmək məhz işğalçı tərəfin yanında olmaq deməkdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti