Bakı. Trend:
IX Qlobal Bakı Forumu hazırda mövcud olan problemlərin həlli baxımından mühüm rola malikdir.
Bunu Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya deyib.
Onun sözlərinə görə, forum geosiyasi tarazlıq yaradaraq fərqli ölkələri, düşüncələri, fikirləri özündə birləşdirir.
“Hazırda burada bir çox ölkə, təşkilat təmsil olunur. Onlar istər ümumi, istərsə də təkbətək görüşlərdə, iclaslarda fikir mübadiləsi apararaq mövcud problemlərin həll yollarını müzakirə edirlər. Son 3 ildə dünyada böyük dəyişikliklər baş verdi. Məsələn, pandemiya dövrünü düşünək. Pandemiya yalnız bir ölkədə yox, bütün dünyada həyatı dəyişdi. Bununla yanaşı dünya texnologiya sahəsində də dəyişir. Bu səbəbdən IX Qlobal Bakı Forumu sözügedən dəyişikliklərin müzakirəsində əhəmiyyətli rola sahibdir. Çünki fərqli ölkələr, təşkilatlar bir araya gəlib fikir mübadiləsi və müzakirələrlə baş verən bu dəyişiklikləri müsbət yönə çevirməyə nail ola bilərlər”, - Z.Laqumdziya bildirib.
Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.