...

Yeni yaradılmış üçtərəfli format türk dünyasında nəqliyyat bağlantısının formalaşmasına töhfə verəcək - RƏY

Siyasət Materials 27 İyun 2022 14:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal siyasətdə baş verən hadisələr və yanaşmalar yeni əməkdaşlıq platformaların yaradılmasını aktuallaşdırıb. Bu platformalarda iqtisadi və siyasi münasibətlərin yenidən formalaşması üçün yeni imkanlar meydana gəlib. Bu gün Asiya ilə Avropa arasında daşımaların həyata keçirilməsində daha təhlükəsiz və iqtisadi gəlirli marşurutlar üzərində bir axtarış elan olunub.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, əlbəttə, ölkəmizin üzərindən keçən nəqliyyat dəhlizləri qlobal əhəmiyyətli vacib marşurutlara çevrilib.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Cənub-Şimal, Şərq-Qərb nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Ticarət Limanı və BTQ dəmir yolu Azərbaycanın beynəlxalq daşımaların mərkəzinə çevrilməsinə yol açıb.

44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi və bununla yanaşı, dünya üçün çox əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçəcək Orta dəhlizin yaranması Asiyadan Avropaya daşımalarda ən perspektivli layihə olacağı beynəlxalq ekspertlər tərəfindən də qeyd edilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, 27 iyunda Bakıda baş tutmuş Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin üçtərəfli formatda birinci görüşü əlamətdar hadisədir. Bu format üç qardaş ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının daha da genişləndirilməsi imkanlarının müzakirəsinə yeni imkan yaradıb.
Görüşün sonunda üçtərəfli Bəyannamə imzalanıb. Bəyannamədə nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın inkişaf etdiriməsi istiqamətində görüləcək işlərə baxış nəzərdə tutulub.

"Qeyd etmək istəyirəm ki, Azərbaycan, Türkiyə və Qazaxıstan bir çox beynəlxalq platformalarda əməkdaşlıq edir. Amma yeni yaradılmış bu üçtərəfli format türk dünyası arasında nəqliyyat bağlantısının formalaşdırılması və bu bağlantının qlobal iqtisadiyyatın inkişafına töhfə verəcəyi haqqında danışmağa imkan verir. Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycana və Zəngəzur dəhlizindən keçərək Türkiyənin üzərindən birbaşa Qara dənizə və Avropaya qədər uzanan yeni bir marşurutun formalaşdırılması üçtərəfli görüşün əsas müzakirə mövzusu olmuşdur. Hesab edirəm ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Çünki, bu gün dünya bazarlarında baş vermiş qırılmaların yenidən bərpası üçün ən əhəmiyyətli marşurut Orta dəhliz olacaqdır.

Bakıda üç qardaş ölkənin xarici işlər nazirləri və rəsmilərin keçirdiyi üçtərfli görüş həm də dünyaya yeni bir mesaj, yəni, türk xalqlarının birliyinin gəlişinidən də xəbər verir. Müəyyən qüvvələrin təsiri ilə türk dünyasında uzun illər baş vermiş ayrılıqlar artıq arxada qalır. Türk dünyası dünyanın hesablaşmalı olduğu nüfuzlu və qüdrətli güc olaraq dünya müstəvisində öz yerini möhkəmləndirir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti