...

Kütləvi məzarlıqlar erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatların üz qarasıdır - Elçin Mirzəbəyli

Siyasət Materials 5 Oktyabr 2022 11:23 (UTC +04:00)
Kütləvi məzarlıqlar erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatların üz qarasıdır - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan və hərbçi olduqları ehtimal edilən 12 nəfərə aid qalıqların aşkarlandığı kütləvi məzarlıq erməni vəhşiliyinin nüminələrindən biridir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, məlum olduğu kimi, bu, Xocavənd rayonunun Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıqdır.

“Bu fakt onu deməyə əsas verir ki, Edilli kəndi Birinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusunun edam “mərkəz”lərindən biri olub və çox güman ki, əsir götürülən azərbaycanlı hərbçilər Edilli kəndində və digər ətraf ərazilərdə kütləvi şəkildə edam ediliblər. Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən və sonradan əsirlikdən azad edilmiş azərbaycanlıların açıq mənbələrdə yer alan xatirələrindən də belə anlaşılır ki, belə məzarlıqlar hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində də var”, - deyə E.Mirzəbəyli bildirib.

O vurğulayıb ki, Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirməməsi, Azərbaycanın bu məsələ ilə bağlı uzun illərdən bəri ən müxtəlif səviyyələrdə irəli sürdüyü tələblərin yerinə yetirilməməsi, bu şəxslərin xüsusi amansızlıqla edam olunduqlarını və kütləvi şəkildə dəfn olunduqlarını düşünməyə əsas verir.

“Ermənistan Birinci Qarabağ müharibəsindəki ağır müharibə cinayətlərinin izlərini torpağın altında gizlətməyə çalışır. Çünki çox yaxşı bilir ki, kütləvi şəkildə və xüsusi amansızlıqla qətlə yetirilmiş azərbaycanlıların qalıqlarının üzərində aparılacaq araşdırmalar erməni vəhşiliyinin bəşər tarixində görünməmiş nümunələrini ortaya qoyacaq. Azərbaycanlı əsir və girovların diri-diri yandırıldığı, sümüklərinin küt alətlərlə sıbdırıldığı, başlarına və digər əzalarına mismar vurulduğu, başlarının kəsildiyi və daha neçə-neçə ağlasığmaz erməni vəhşiliyinin nümunələri aşkara çıxacaq. Və bu zaman bir daha təsdiq olunacaq ki, özünü qondarma tarixlə “dünyanın ən qədim xalqlarından biri” elan edən ermənilər sivilizasiyanın təkamül prosesinin iştirakçısı olmayıblar, vəhşi qəbilə təfəkkürü ilə yaşayıblar və bəşəri dəyərlərin, mədəniyyət nümunələrinin formalaşmasında iştirak edən bütün xalqlara, o cümlədən azərbaycanlılara münasibətdə nifrət və qəzəb üzərində kökləniblər”, - deyə E.Mirzəbəyli vurğulayıb.

O əlavə edib ki, azərbaycanlılara qarşı soyqırım aktları və digər ağır müharibə cinayətləri törətmiş Ermənistana münasibətdə beynəlxalq təşkilatların sükuta qərq olması, torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində əsir və girov götürülmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan tərəfinin israrlı müraciətlərinə məhəl qoyulmaması, faktaraşdırıcı komissiyaların yaradılmaması yeni presedentlərə yol açmaqla yanaşı, həm də BMT də daxil olmaqla əksər beynəlxalq təsisatların müharibə cinayətlərinə münasibətdə də belə ikili standartlardan çıxış etdiyini göstərir.

“Keçmiş Yuqoslaviya ərazisində, eləcə də hazırda Ukraynanın bir sıra şəhərlərində müharibə cinayətlərinin izinə düşən beynəlxalq təşkilatlar, nədənsə Ermənistanın 30 ilə yaxın davam edən işğal dövründə törətdiyi ağır müharibə cinayətlərini görmək və bu insanlıq əleyhinə cinayətlərin günahkarlarının aşkara çıxarılmasında maraqlı görünmürlər. Ermənilərin ağır cinayət əməllərinə münasibətdə sərgilənən yanaşma, Ermənistanla yanaşı həm də müharibə cinayətkarlarının himayə olunmasıdır.

Bu gün Azərbaycan torpaqlarında aşkarlanan kütləvi məzarlıqlar Ermənistanla yanaşı, həm də erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatların, onların arxasında dayanan aparıcı dövlətlərin üz qarasıdır”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti