...

Bosniya və Herseqovina Prezidentliyinin Sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin X illiyinə təbrik müraciəti ünvanlayıb (VİDEO)

Siyasət Materials 29 Oktyabr 2022 09:30 (UTC +04:00)

Bakı. Trend:

Bosniya və Herseqovina Prezidentliyinin Sədri cənab Şəfik Dzaferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin X illiyinə təbrik müraciəti ünvanlayıb.

Müraciətdə deyilir:

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzini 10 illik yubileyi münasibətilə təbrik edirəm. On il istər iki insanın dostluğu olsun, istərsə də bu təşkilatın çoxsaylı üzvlərinin və tərəfdaşlarının dostluğu olsun, mühüm mərhələdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ciddi təşkilatdır. Eyni zamanda, bu, mövcud dostluqları gücləndirən və yeni dostluqlar yaradan dostluq qovşağıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mövcud hərbi əməliyyatların dayandırılması və yenilərinin qarşısının alınması üçün müzakirələrin aparıldığı platformadır. Bu, insanları bir araya gətirən və dialoq, tolerantlıq, müştərək cəmiyyətlər ideyalarını yayan bir təşkilatdır.

Təhsil və bilik insanlar arasında sülhün ilkin şərtidir. Buna görə də kitablar sülhün bünövrəsini təşkil edir. Ona görə də bu təşkilat kitab adamı, qələm adamı - Gəncənin böyük şairi Nizaminin adını daşıyır.

Əziz dostlar,

Nizami Gəncəvi fars dilində yazıb, ərəb ədəbiyyatından faydalanmış, lakin Qafqaza, Azərbaycanın da daxil olduğu əraziyə, daha dəqiq desək, adının qoyulduğu Gəncə şəhərinə mənsub olduğunu həmişə bilirmişdir. Nizami özünün ecazkar Azərbaycan şəhərinin adını şöhrətləndirmişdir. O, fitri istedadından xalqına xidmət etmək üçün istifadə etməyi seçmiş, daima sosial islahatçı, Şərq intibahı adlanan dövrünün nümayəndəsi olmuşdur.

O, şeirlərində məhəbbətdən söz açıb, qadının cəmiyyətdəki rolunu gücləndirməyi təbliğ edib. O, daima biliyi ən yüksək kürsüyə qoyub.

O, ilk növbədə şair olsa da, Leonardo da Vinçi və Mikelancelo kimi astronomiya, riyaziyyat, islam hüququ, kimya, tibb, botanika, fəlsəfə və çoxsaylı digər elmləri yaxşı bilirdi. Onun əsərləri, geniş bilik sahələri, müxtəlif mədəniyyətlər və dünyanın hissələri arasında körpü idi.

Əsərləri İslamdan əvvəlki dünya ilə İslam dünyasını birləşdirir. Onlar Şərqi Aralıq dənizi, Qafqaz və Hind dənizinin sahilləri arasında körpüdür. Onun “Xəmsə” poemasının üçüncüsü Leyli və Məcnunun məlum taleyindən, idealların insanı ən böyük ümidsizlik anlarında belə xilas edə biləcəyindən bəhs edir. Ancaq eyni zamanda bir anlaşılmazlığın eyni həyatı necə məhv edə biləcəyini izah edir.

Əziz dostlar,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adını daşıdığı şairin nəcib missiyasını davam etdirir. Son dörd il ərzində sizinlə əməkdaşlıq edərək bunu öz gözümlə görmək üçün çoxsaylı imkanlar əldə etdim.

Necə ki, Nizaminin yaratdığı əsərlər kimi, bu təşkilatda Amerikadan Çinə, Afrikadan Skandinaviya və Baltikyanı ölkələrə, Balkanlardan Qafqaza, Atlantikdən Sakit okeana qədər dünyanın bütün guşələrini birləşdirir. Nizaminin əsərlərində olduğu kimi bu təşkilat da bilik və öyrənməyə, tolerantlığa, dialoqa və müştərək cəmiyyətlər ideyasına həsr olunub.

Nizami kimi, bu təşkilat da öz ideallarını diqqətlə qidalandırır və demək olar ki, hər bir sözünə əhəmiyyət verir.

Sözlər onları danışanın əhəmiyyətini alır. Ona görə də bu təşkilatın ən böyük dəyəri, irəli sürdüyü məqsədlərlə yanaşı, bu məqsədlərin arxasında duran insanlardır.

Bilik sözü haqqında İsmayıl Serageldin danışdığı zaman heç kəslə müqayisə olunmayacaq əhəmiyyət daşıyır. Tolerantlıq sözü Vaira Vike-Freiberga tərəfindən dedikdə əsl məna daşıyır. Dialoq və müştərək cəmiyyət dəyərləri Bosniya və Herseqovinada, Azərbaycanda, və Balkanlarda müxtəlif mədəniyyətlərlə birgə yaşamağın oxşar təcrübəsini paylaşan Qafqaz regionlarında deyildikdə xüsusi məna kəsb edir.

Bu qurumun əsas sütunu olan Prezident İlham Əliyevlə işləmək şərəf idi. Keçmiş və indiki prezidentlər, baş nazirlər, nazirlər və digər rəsmilərlə işləmək şərəf idi.

Rövşən Muradovun rəhbərlik etdiyi əvəzsiz Katibliyə xüsusi təşəkkürümü bildirirəm

10 illik yubileyi münasibətilə təbriklərimlə yanaşı, gələcək illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ümumi rifah naminə öz missiyasının məqsədlərini yerinə yetirməsində daima uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti