...

Ermənistan siyasi dairələri reallığı qəbul etməli və təxribatlara son qoymalıdır - Aydın Mirzəzadə

Siyasət Materials 10 Noyabr 2022 14:35 (UTC +04:00)
Ermənistan siyasi dairələri reallığı qəbul etməli və təxribatlara son qoymalıdır - Aydın Mirzəzadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycana qarşı növbəti dəfə siyasi təxribata əl atmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxış edərkən keçmiş Dağlıq Qarabağ ətrafındakı ərazini hərbsizləşdirməyi və qoşunları oradan çıxarmağa təklif edib.

Bu fikirləri bu gün Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu əslində Ermənistanın həyasızcasına Azərbaycanın daxili işlərinə qarışmaq və 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını ciddi şəkildə təhrif etmək cəhdidir.

"Üçtərəfli bəyanatda Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin açılması və sülh danışıqlarına başlanılması nəzərdə tutulur. Ancaq Ermənistan danışıqları pozur və həmin bəyanatın mahiyyətini dəyişməyə çalışır. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur. Azərbaycanda bu gün müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi var. Azərbaycan Prezindeti İlham Əliyev həmin qoşunların orda yerləşməsinin konkret vaxtı olduğunu bildirib. Eyni zamanda Ermənistanın Azərbaycanın daxilində hansı ərazinin nə cür idarə edilməsi ilə bağlı göstəriş verməsi heç də Azərbaycanla münasibətlərin normallaşmasına gətirib çıxarmır. Bu, beynəlxalq hüququn pozulması, qonşu dövlətlərin daxili işlərinə kobudcasına qarışmaq deməkdir. Bu gün söhbət rus sülhməramlılarının nəzarəti altında olan ərazidən Ermənistan qoşunlarının tam çıxarılmasından, Zəngəzur dəhlizinin açılmasından, sərhədlərin tanınmasından və normal qonşuluq münasibəti qurulmasından gedir", - deyə A.Mirzəzadə əlavə edib

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyinin bu təklifi əslində danışıqları pozmaq, Azərbaycanın daxili işlərinə qarışmaqdan ibarətdir.

"Ermənistan bu cür siyasi təxribatlara son qoymalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Azərbaycan ərazisinin bir santimetrinin belə heç kəsə güzəştə gedilməyəcəyini, Azərbaycanın daxili işinə kiminsə qarışmasına imkan verməyəcəyini və Azərbaycana qarşı istənilən təhdidlərin qarşısının qətiyyətlə alınacağını bildirib. Eyni zamanda bəyan edib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırsalar, onların cavabı 44 günlük müharibədəkindən də ağır olacaq. Hesab edirəm ki, Ermənistan siyasi dairələri reallığı qəbul etməli və Azərbaycana qarşı təxribatlara son qoymalıdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti