Bakı. Trend:
Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatında deyilir.
Bəayantda qeyd edilir ki, 11 mart 2023-cü il tarixində İran
İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək
fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan
rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru
uçuş həyata keçirib.
Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi
hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.