Bakı. Trend:
Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında sabah növbəti görüş keçirilməsi müsbət haldır.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, Ermənistanda revanşist əhval-ruhiyyə kifayət qədər güclüdür. “Ermənistan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da daxili işlərimizə qarışmağa cəhd edir. Belə bir situasiyada Ermənistan danışıqlara gedir. Burada Azərbaycan udur. Azərbaycan Vətən müharibəsində qalib gəlib, öz torpaqlarını işğaldan azad edib və bu gün özünün hüquqlarının qəbul edilməsi mövqeyindən görüşə gedir. Ermənistan isə uduzub, kapitulyasiya aktına imza atıb. Bu gün danışıqlar Azərbaycanın ərazi bütövlüyünün tanınması və iki dövlət arasında normal qonşuluq münasibətlərinin qurulması prinsipi üzərində gedir. Bu baxımdan danışqalar bu prinsiplər üzərində qurulub və Ermənistan bunu qəbul etməlidir.
Bu gün dünyanın güc mərkəzləri Azərbaycanın mövqeyinə dəstək göstərirlər. Rusiya bir tərəfdən danışıqları öz ərazisində keçirməyə cəhd göstərir, ABŞ bir tərəfdən, Avropa İttifaqı Şurası da bir tərəfdən. İstənilən görüş müəyyən ümidlər verir. Ən əsası ondan ibarətdir ki, Azərbaycan özünün suveren hüquqlarını prinsipal şəkildə müdafiə edir və Ermənistan bunu qəbul edir ”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, Ermənistan revanşist əhval-ruhiyyədən əl çəkməlidir. “Ermənistan bilməlidir ki, artıq Dağlıq Qarabağ ifadəsi yoxdur, Qarabağdakı erməni icmasına birdəfəlik başa salmalıdır ki, sizin ancaq Azərbaycana reinteqrasiyanızdan söhbət gedə bilər. Azərbaycan heç zaman hüquqlarının pozulmasına imkan verməyəcək. Bundan əvvəlki görüşlər Azərbaycanın mövqeyinə uyğun keçirilib və bu görüşün də eyni nəticələr ilə bitəcəyinə ümid etmək olar”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gedib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da Brüsselə işgüzar səfərə gedib. Bu gün Ş.Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcəyi gözlənilir.