...

Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır - Aydın Mirzəzadə

Siyasət Materials 17 Avqust 2023 16:42 (UTC +04:00)
Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır - Aydın Mirzəzadə

Bakı. Trend:

Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh danışıqlarına razılaşmaq, bizim ərazi bütövlüyümüzü tanımaqdır.

Trend xəbər verir ki, bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Ermənistanın növbəti siyasi təxribatı iflasa uğradı. Əslində, bu gözlənilən idi. Çünki Ermənistanın irəli sürdüyü tələblər həm beynəlxalq hüquqa, həm də normal qonşuluq münasibətlərinə zidd bir məsələ idi. O, Azərbaycanın daxili işlərinə qarışacaq bir iddia irəli sürürdü və həmin iddia əsassız idi. Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni icmasının nümayəndələrinin humanitar fəlakətlə üzləşməsi iddiası öz təsdiqini tapmadı", - deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistanı siyasi cəhətdən müdafiə edən bir-iki ölkə oldu, amma BMT TŞ-nin əksər üzvləri bu gün problemin həllini Azərbaycanla Ermənistan arasında yaradılan normal münasibətlərin zəruriliyində görürdülər. Azərbaycan bu münasibətlərin normallaşması üçün bütün səylərini göstərir və daimi nümayəndəmizin çıxışında da bu öz əksini tapdı. Ermənistan isə əksinə, müxtəlif siyasi təxribatlar törədərək, Azərbaycanı, öz suveren hüquqlarından zidd addımlar atmağa məcbur edir.

"Qarabağ iqtisadi zonasında yaşayan insanların hər hansı bir humanitar problemi yoxdur və əgər problem yaranarsa, Azərbaycan öz ərazisi ilə onlara yol açmağa və istənilən məsələni həll etməyə hazırdır. Yəni bundan ideal variant ola bilməz. Azərbaycan heç bir zaman sərhədinin bir hissəsini öz ərazisinə heç bir nəzarət olmadan giriş-çıxış üçün açıq saxlaya bilməz.

Dünyanın heç bir ölkəsinin praktikasında belə bir hal yoxdur və dünənki müzakirələr Ermənistanı bir daha siyası məğlubiyyətə uğratdı. Onun yeganə çıxış yolu Azərbaycanla sülh danışıqlarına razılaşmaq, bizim ərazi bütövlüyümüzü tanımaqdır. Əks halda, təxribatlarına davam etdiyi müddətcə zərərini çəkəcək", - deyə Milli Məclisin deputatı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti