...

Paşinyan Aİ-dən daha çox yardım və dəstək almaq üçün əlindən gələni edir - Sevil Mikayılova

Siyasət Materials 17 Oktyabr 2023 19:07 (UTC +04:00)
Paşinyan Aİ-dən daha çox yardım və dəstək almaq üçün əlindən gələni edir - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentində səsləndirdiyi qeyri-müəyyən və “çoxşaxəli” sülh bəyanatları qeyri-ciddidir və səmimiyyətdən uzaqdır.

Azərbaycana qarşı həmişəki ənənəsinə sadiq qalaraq qərəzli və yalan dolu ittihamlar bildirməklə, Paşinyan, əslində, sülhə nə qədər hazır olduğunu çox aydın nümayiş etdirir. Azərbaycanın bütün ağrılara baxmayaraq, irəliyə apardığı reinteqrasiya prosesini pozmağa çalışan qüvvələrə dəstək çıxmaqla o, “ermənilərin qovulması” kimi absurd iddialarla çıxış edir, hətta BMT missiyasına yalan danışmadığına görə irad bildirir, “etnik təmizləmə” olmaması ilə bağlı yekdil mövqeyini tənqid edir (!?). “Etnik təmizləmə”dən utanmadan danışan Paşinyan nə üçünsə 1 milyondan çox azərbaycanlıya tutduqları divanı sanki unudub. Ən ikrahdoğuran məqam isə bu bəyanatın məhz Ermənistan tərəfindən törədilən Gəncə terrorunun ildönümündə səsləndirilməsidir. Cəmi 3 il öncə günahsız körpələrin, dinc sakinlərin öldürülməsi üçün atəş əmrini verən Ermənistan siyasi rəhbərliyinin məhz bu gün "sülh istəyirik" deməsi və özünü demokrat kimi təqdim etməsi siyasi ikiüzlülükdür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, situasiyadan asılı olaraq öz siyasi mövqeyini dəyişməyə vərdiş etmiş Paşinyan özünün demokratiyaya sadiqliyini bəyan edərək, bu dəfə Ermənistan üçün beynəlxalq təsisatlardan, xüsusilə cəsurluq edib missiyasını ölkəsində yerləşdirən və son zamanlar müttəfiqi Rusiyanı qıcıqlandırmaq üçün daha çox yarındığı Avropa İttifaqını bu məsələdə daha fəal olmağa çağırıb.

"Ermənipərəst avropalı parlamentarilərin qarşısında çıxış edən Paşinyan, əslində, daşı hara hədəflədiyinin fərqindədir. Məhz bu müstəvi dəfələrlə Azərbaycana qarşı tutduqları qərəzli mövqeləri ilə yadda qalıblar.

Lakin bildirək ki, elə həmin müstəvidə təmsil olunan ölkələrin mütləq əksəriyyəti kimin kim olduğunu çox gözəl anlayır. Azərbaycan etibarlı və bərabərhüquqlu tərəfdaş, Ermənistan isə tarixi şəraitdən faydalanmaq üçün yardımlar qarşılığında istifadə olunan alətdir. Nikol Paşinyan qeyri-ciddi siyasətçi kimi yadda qalıb, onun mövqeyini daha çox havadarlarından aldığı təlimatlar müəyyən edir", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova qeyd edib ki, Ermənistan siyasi rəhbərliyinin bu qeyri-konstruktiv mövqeyi ilk növbədə erməni cəmiyyəti üçün zərərlidir.

"İllər keçir, lakin Ermənistan bir ölkə olaraq yenə də regional iqtisadi fəaliyyətlərdən kənarda qalır. Kimlərdənsə asılı vəziyyətdədir, müstəqil xarici siyasət yürüdə bilmir. Müharibədən ötən 3 il ərzində isə biz Ermənistan tərəfindən heç bir addımın atılmadığını, əksinə, təxribatların törədildiyinin şahidi olmuşuq.
İndi Paşinyan sülhdən danışmaq üçün əvvəlcə addım atmalı, sonra danışmalıdır".

S.Mikayılova onu da əlavə edib ki, Avropa Parlamentində Paşinyanın demokratiyadan danışması, hər gün insan haqlarının pozulduğu Ermənistanı nümunə göstərməyə çalışması isə gülüş doğurur.

"İrəvan küçələrində dinc etirazçılara qarşı hansı qəddarlığın göstərildiyini əks etdirən kadrlar bütün sosial şəbəkələrdə, media resurslarında var. Digər vacib bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, əgər Ermənistanda demokratik rejim hakimiyyəti təmsil edirdisə, niyə onlar İkinci Qarabağ müharibəsinə qədər Azərbaycanın 20 faiz işğalda olan torpaqlarının sülh yolu ilə qaytarılmasını ölkəmizə təklif etmədi? Əksinə, yeni təxribatlar törətmək və yeni ərazilər işğal etməklə Azərbaycanı hədələdilər. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə də Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Görünən odur ki, Paşinyan saxta bəyanatları ilə Qərb qarşısında "demokrat" obrazını oynamağa çalışır", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti