...

Mart soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir - ŞƏRH

Siyasət Materials 30 Mart 2024 14:05 (UTC +04:00)
Mart soyqırımı Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

31 Mart - Azərbaycanlıların soyqırımından 106 il keçir. Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan qırğınlara və terrora, soyqırımlarına, etnik təmizləməyə məruz qalıb. Ermənilər elə vəhşiliklər törədiblər ki, bunun insan tərəfindən edilə biləcəyinə inanmaq belə çox çətindir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır:

“1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində, rəsmi mənbələrə əsasən, on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Həmin hadisələrə rəhbərlik edən məhz Şaumyan olub. Erməni daşnak birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaqlar azərbaycanlıların evlərinə hücum edərək, amansız qətllər törədirdilər.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Elə bu soyqırımının amansızlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnak terrorçuları uşaqlara, qadınlara, qocalara qarşı amansızlıq törətmişdilər.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəliblər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndəriliblər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçiririblər.

Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetiriblər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlayıblar.

O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

Həmçinin, Komissiyanın materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv edib”.

Deputat bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb:

“1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi məzarlıq üzərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb. Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik olan təşəbbüslərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti