...

İrəvanın revanşizm xülyaları: Ermənistan mövcudluğunu şərtləndirən öhdəlikləri yerinə yetirəcək – ŞƏRH

Siyasət Materials 13 Yanvar 2025 12:30 (UTC +04:00)
İrəvanın revanşizm xülyaları: Ermənistan mövcudluğunu şərtləndirən öhdəlikləri yerinə yetirəcək – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra qarşı tərəfə regionda sülh və sabitliyə nail olunması məqsədilə saziş imzalanması təklifi ilə çıxış etdi. Bu təklif beynəlxalq hüququn 5 baza prinsipi əsasında formalaşıb. Azərbaycan tərəfi Ermənistandan haqlı olaraq konstitusion müstəvidə ərazi iddialarından əl çəkilməsi, İrəvanın öz üzərinə götürdüyü delimitasiya-demarkasiya prosesində konstruktiv mövqe, Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiya xətlərinin açılması tələbini irəli sürüb. Çünki bunlar yerinə yetirilmədiyi təqdirdə, sülh müqaviləsinin imzalanması mümkün deyil.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın geri qaytarılması məsələsi Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb, onlara Qərbi Azərbaycan İcması ilə təmaslara girmək tövsiyə edilib:

“Buna baxmayaraq, Ermənistan rəhbərliyi hələ də qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Bunun əsas səbəblərindən biri də İrəvana havadarlıq edən güclər, Fransa və digər dövlətin Ermənistanı sürətlə silahlandırmasıdır. Ermənistan tərəfi silahlanma fonunda revanşist fikirlərlə gündəmə gəlir. Bu da heç bir halda qəbuledilən deyil. Əslində, məğlub olan tərəf bu şəkildə silahlandırılmamalıdır. Ermənistanın silahlandırılması, revanşist addımlar atmağa təhrik edən silahlar verilməsi regionda sülh və sabitliyə çox ciddi təhdiddir və bu, gələcəkdə çox ciddi fəsadlara gətirib çıxara bilər”.

Arzuxan Əlizadə xatırladıb ki, Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu kəndlərin geri qaytarılması da əsas şərtlərdən biridir.

“Kommunikasiya xətlərinin açılması Azərbaycandan çox Ermənistana gərəklidir. Çünki Ermənistanın iqtisadiyyatı çökmüş vəziyyətdədir. Bunun əsas səbəblərindən biri də Ermənistanın işğalçılıq siyasəti nəticəsində dalana dirənməsi və kommunikasiya imkanlarının məhdudluğudur. Ermənistan yalnız Gürcüstan vasitəsilə Rusiyaya istiqamətlənən, həmçinin, sanksiyalar altında olan İranla da müəyyən kommunikasiya xəttinə malikdir. Ermənistan başa düşməlidir ki, regionda ən azından mövcudluğunu qoruyub saxlaya bilmək üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır.

Prezidentin konkret tələbləri də irəli sürüldü. Bu tələblərin böyük hissəsini əslində Ermənistan öhdəlik kimi öz üzərinə götürüb. Dövlət başçısı qəti şəkildə bildirdi ki, Azərbaycan bütün bunlara tamaşaçı qismində yanaşmayacaq, bu, uzun müddət belə davam edə bilməz. Ermənistan öhdəliklərini yerinə yetirməsə, silahlanmaqda davam etsə, onu revanşist addımlar atmağa təhrik edən güclərin nəzarətindən çıxmasa, gələcəkdə onu çox ciddi problemlər gözləyə bilər. Bundan sonrakı hadisələrin gedişi Ermənistanın Prezident İlham Əliyevin mesajlarından hansı formada nəticə çıxarmasından asılı olacaq”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanın işğal etdiyi ətraziləri azad etsə belə, Ermənistan tərəfdən müəyyən problemlər qalmaqdadır:

“Hələ də Azərbaycanın 4 kəndi Ermənistanın nəzarətindədir, iki ölkə arasında sərhəd tam müəyyənləşməyib, qarşı tərəfdən təhlükələr gözlənilir. Kiçik və imkansız bir ölkə olmasına baxmayaraq, havadarları tərəfindən güclü şəkildə silahlandırılır, bu silahların nə vaxtsa, haradasa istifadə ediləcəyi tamamilə gözləniləndir. Burada məqsəd Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək, onu müstəqil daxili və xarici siyasətindən imtina etməyə sövq etmək, Azərbaycanın təbii sərvətlərinə sahib olmaq, Azərbaycanı bəzi şərq ölkələri kimi ciddi problemlər məngənəsinə atmaqdır. Azərbaycanın müstəqil siyasəti, qətiyyəti, ölkə rəhbərliyinin milli maraqları əsas götürərək ölkənin maraqlarını ciddi surətdə müdafiə etməsi bütün bu təzyiqlərin qarşısında duruş gətirməyə imkan verir”.

Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan onsuz da Azərbaycanla hər hansı yarışa girə bilməyəcək.

“Ermənistan Azərbaycana qarşı hər hansı təhlükə törədərsə, artıqlaması ilə cavabını alacaq. Xaricdən Ermənistana verilən yardımlar, dəstəklər isə ilk növbədə Ermənistanın özünün dövlətçilik maraqlarına zərbə vurur. Seçimi Ermənistan etməlidir. Azərbaycanla nə qədər tez sülh müqaviləsi imzalayarsa, nə qədər normal və mehriban qonşuluq münasibətləri qurmaq istəyərsə, İrəvan üçün daha faydalı olar”, - deyə millət vəkili vurğulayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti