...

Demokratik İslahatlar Partiyasının namizədləri seçicilərlə görüşlər keçirib

Siyasət Materials 20 Oktyabr 2005 21:03 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) namizədləri seçiciləri ilə görüşlər keçiriblər. Partiyadan Trend ə verilən məlumata görə, DİP-in 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsindən deputatlığa namizədi Əhmədağa Eyyubov seçki kampaniyası dövründə seçicilərlə 50-dək görüş keçirib, onun seçicilərlə axırıncı görüşü Qubada olub. Digər görüşlərdə olduğu kimi izdihamlı keçən bu görüşündə də seçicilər rayonda aktual olan sosial-iqtisadi problemlərdən bəhs ediblər. Onlar Ə.Eyyubovdan Qubanın Xaldan qəsəbəsinə 7 km yolun və suyun çəkilməsini xahiş ediblər. Ə.Eyyubov öz növbəsində bildirib ki, deputat mandatı aldıqdan sonra həmin dairədə yaşayan sakinlərin bu ağır sosial problemlərini parlament səviyyəsində qaldıracaq və bu problemlərin həllinə nail olmağa çalışacaq.

Partiyanın digər bir namizədi Mərdan Əfəndiyev isə Bərdənin ziyalı seçiciləri ilə görüşüb. 93 saylı Bərdə şəhər dairəsindən deputatlığa namizəd M.Əfəndiyev həmçinin 2 saylı musiqi, 2 saylı rus, 6 və 7 saylı orta məktəblərin pedaqoji kollektivləri ilə də görüşlər keçirib. Görüş zamanı namizəd seçiciləri öz platforması ilə ətraflı tanış edib, onları maraqlandıran sualları cavablandırıb.

DİP-in 94 saylı Bərdə kənd dairəsindən namizədi Eldar Cahangirov rayonun Şirvanlı, Xəsili, Qaradəmirçilər, Alpout kəndlərində seçicilərlə görüşüb. Öz platformasının əsas məqamları barədə seçiciləri məlumatlandıran E.Cahangirov əsasən Bərdə kəndlilərini maraqlandıran suallara cavab verib. O, Bərdə kəndlərinin problemlərini bildiyini, bu problemlərin həlli üçün parlamentdə yorulmadan mübarizə aparacağını qeyd edib. Çıxışında kəndlilərin digər namizədlərdən eşitdiyi bayağı və populist ifadələrə yer verməyən E.Cahangirov "mən parlamentdə sizin mənafelərinizi qoruyan qanunların qəbuluna çalışacağam. Sizi yalan vədlərə inanmamağa çağırıram"- deyib.

DİP-in 85 saylı Şamaxı seçki dairəsindən olan namizədi Nazim Abdullayev Şamaxının 63 kəndindən 42-də seçicilərlə görüşüb. Görüşlər zamanı seçicilər N.Abdullayevə qarşılaşdıqları sosial problemlər barədə məlumat veriblər. N.Abdullayev də seçicilərin diqqətinə çatdırıb ki, deputat seçiləcəyi təqdirdə səhiyyə, təhsil, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli, maddi rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi və sair barədə çoxsaylı qanunların qəbuluna çalışacaq. O, həmçinin, bu sahələrdə köklü islahatların həyata keçirilməsinə nail olmağı qarşısına məqsəd qoyduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti