...

Səyavuş Novruzov: "Prezident İlham Əliyevin çıxışından sonra NATO PA-da Azərbaycan haqqında tamamilə yeni bir fikir formalaşdı"

Siyasət Materials 1 İyun 2006 16:24 (UTC +04:00)
Səyavuş Novruzov: "Prezident İlham Əliyevin çıxışından sonra NATO PA-da Azərbaycan haqqında tamamilə yeni bir fikir formalaşdı"

NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işini başa çatdırıb. Bu barədə Trend ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

S.Novruzov bildirib ki, "Cənubi Qafqaz regionunda NATO-nün rolu" mövzusunda Böyük Britaniyanın "Links" Təşkilatının rəhbəri Denis Samut çıxış edib. Millət vəkili qeyd edib ki, D.Samut öz çıxışında Azərbaycanda gedən proseslər, inkişaf daxil olmaqla Cənubi Qafqazla bağlı fikirlərini söyləyib. S.Novruzov onu da bildirib ki, mövzu ilə bağlı digər məruzə Böyük Britaniyadan olan deputat Stenford tərəfindən hazırlanıb: "Lakin bu məruzə regiona səfər edilmədən səthi hazırlanmışdı. Məruzəçi özü də çıxışında bunu təsdiqləyib". Millət vəkili qeyd edib ki, məruzə ilə bağlı Azərbaycanın nümayəndə heyəti öz fikirlərini bildirib.

S.Novruzov NATO PA-nın yaz sessiyasında ən əlamətdar məqamlardan birinin assambleyanın prezidenti Piyer Lelluşun dəvəti ilə sessiyada iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin çıxışının olduğunu bildirib: "Cənab prezident çox dəyərli çıxış edib. Cənubi Qafqazın gələcəyi, enerji təhlükəsizliyi, iqtisadi inkişaf, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal edilən torpaqlarımızın nəzarətsiz qalması haqqında dəyərli fikirlərini söyləyib. Prezident çıxışından sonra deputatların suallarını cavablandırdı".

Onu da bildirək ki, sessiyada yalnız Cənubi Qafqaz dövlətlərindən Gürcüstan və Azərbaycan prezidentləri iştirak edib. Ermənistan prezidenti əvvəlcə iştiraka razılıq versə də, sonradan bundan imtina edib.

Millət vəkili onu da qeyd edib ki, prezidentin çıxışından və deputatların suallarına verdiyi məntiqli cavablarından sonra NATO PA-da Azərbaycan haqqında tamamilə yeni bir fikir formalaşdı. S.Novruzov onu da qeyd edib ki, Azərbaycan nümayəndə heyəti assambleyanın müvafiq komitələrində görüşlər də keçirib.

Onu da qeyd edək ki, Parisdə keçirilən NATO PA-nın yaz sessiyasında Milli Məclis sədrinin birinci müavini, təşkilatdakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Sessiyanın iclaslarında Qara dəniz regionunda əməkdaşlıq çərçivələri, Cənubi Qafqaz regionunda NATO-nun rolu, enerji təhlükəsizliyi, Asiya təhlükəsizliyi, İranın nüvə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti