...

Deputat Qənirə Paşayeva: ABŞ –ın geniş dairələrinin Dağlıq Qarabağ problemi haqqında məlumatlılığı lazımi səviyyədə deyil

Siyasət Materials 11 Dekabr 2006 13:56 (UTC +04:00)
Deputat Qənirə Paşayeva: ABŞ –ın geniş dairələrinin Dağlıq Qarabağ  problemi haqqında məlumatlılığı lazımi səviyyədə deyil

ABŞ hazırda dünyanın ən güclü dövlətidir və o, ATƏT Minsk qrupunun həmsədridir. Həmçinin o, erməni lobbisinin çox fəal olduğu ölkədir. Və ona görə də Azərbaycan burada öz mövqelərini gücləndirməli, o cümlədən ABŞ-ı öz böyük mədəni irsi ilə tanış etməlidir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan parlament qrupunun ABŞ-a səfərini şərh edərkən bildirib.

Q.Paşayevanın fikrincə, ABŞ -ın geniş dairələrinin Dağlıq Qarabağ problemi haqqında məlumatlılığı lazımi səviyyədə deyil. "Mən hesab edirəm ki, Azərbaycan torpaqlarının işğal olunmasının ildönümündə Qarabağ mədəniyyətinə həsr olunmuş, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması haqqında məlumat verəcək tədbirlərin keçirilməsi çox zəruridir".

Deputat həmçinin qeyd edib ki, bu məsələlərin ABŞ KİV-lərində işıqlandırılması zəruridir və bu işdə bizim tələbələrimiz və diasporumuz mühüm rol oynaya bilər. O bildirib ki, tələbələr bu məsələdə çox fəaldırlar. "Arkadi Qukasyanın Kaliforniya səfəri zamanı beş azərbaycanlı tələbə yığıncaqda çıxış edib, çox açıq şəkildə öz etirazlarını bildirib və Qukasyanın yalan bəyanat verdiyini bildiriblər", - deyə Q.Paşayeva bildirib.

"ABŞ-da kifayət qədər çox istedadlı incəsənət adamları yaşayır, onlar ABŞ-ın geniş dairələrinin Azərbaycan, onun mədəniyyəti, Dağlıq Qarabağ problemi haqqında həqiqətə dair məlumatlılığını artıra bilərlər və onlar Azərbaycan dövləti tərəfindən dəstək alacaqlar", - deyə Q.Paşayeva vurğulayıb.

Xəbər lenti

Xəbər lenti