...

ATƏT-in fəaliyyətdə olan sədri: "Qarabağ münaqişəsinin tərəfləri arasında müzakirə olunan əsas prinsiplər gələn il razılıq əldə edilməsi üçün yaxşı əsasdır"

Siyasət Materials 19 Dekabr 2006 15:50 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri:  "Qarabağ münaqişəsinin tərəfləri arasında müzakirə olunan əsas prinsiplər gələn il razılıq əldə edilməsi üçün yaxşı əsasdır"

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin tərəfləri 2006-cı il ərzində əsas prinsiplər əsasında bu problemin həllinə yaxınlaşıblar. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt "Armenpress"ə eksklüziv müsahibəsində deyib.

O qeyd edib: "İki tərəf arasında müzakirə olunan sonuncu əsas prinsiplər gələcək inkişaf üçün ağıllı və yaxşı əsasdır. Mən gələn il razılıq əldə edilməsinin mümkünlüyünə inanıram".

Trend xəbər verir ki, K.de Quxtun fikrincə, ötən il "dondurulmuş münaqişələr"in tənzimlənməsi işində müsbət irəliləyişlər olub, xüsusən Qarabağ probleminin tənzimlənməsi perspektivləri bir il öncəki ilə müqayisədə daha yaxşı təsir bağışlayır.

2006-cı ildə danışıqlar, xüsusən noyabrın 28-də Minskdə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş danışqlar tənzimləmənin əsas prinsiplərinə münasibətdə tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırıb.

ATƏT-in fəaliyyətdə olan sədri göstərilən prinsiplərlə bağlı mövqelərin yaxınlaşdırılması prosesinin sürətləndirilməsi üçün iki ölkə prezidentlərinin 2007-ci ildə də imkan daxilində səylərini artıracaqlarına ümidini bildirib.

K.de Quxt ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusən tənzimləmənin "əsas prinsipləri" haqqında sənədin işlənib hazırlanması işində səylərini yüksək qiymətləndirib.

Xatırladaq ki, 2007-ci il yanvarın 1-dən ATƏT-də sədrlik İspaniyaya keçir.

Xəbər lenti

Xəbər lenti