...

Fitch Ratings Azərbaycan Respublikasına yeni kredit reytinqini verib

Siyasət Materials 5 Fevral 2007 20:32 (UTC +04:00)

Bu gün Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasna "BB+" kredit reytinqinin verilməsini bəyan edib. Bu barədə bu gün Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən Trend xəbər verir.

"Fitch" reytinq agentliyinin müəyyən etdiyi bu reytinq "Mudis" reytinq agentliyi tərəfindən 2006-cı il üçün ölkəmizə verilmiş kredit reytinqi ilə müqayisədə (Ba1) eyni səviyyədə olmaqla, investisiya kredit reytinqindən yalnız bir pilə fərqlənir.

"Fitch" agentliyinin ölkəmizə keçən il "BB" kredit reytinqi verdiyiyni nəzərə alsaq, nail olunmuş nəticə respublikamız üçün bu sahədə ciddi uğur sayıla bilər.

"Fitch" agentliyi eyni zamanda Azərbaycan Respublikasının xarici və yerli valyutada Defolt reytinqlərinin "BB" səviyyəsindən bir pilə qaldıraraq "BB+" reytinqinin verilməsini bəyan edərək, iqtisadi perspektiv hər iki göstərici üzrə "stabil" qiymətləndirilir.

Ölkənin yüksək kredit reytinqini müəyyən edərkən bir sıra iqtisadi parametrlər, o cümlədən, ÜDM-nin davamlı və dinamik artım tempi, dövlətin daxili və xarici borcunun səviyyəsi, xarici əməliyyatlar üzrə cari hesablarda əhəmiyyətli dərəcədə profisitin yaranması, yüksək likvidlik, stabil monetar siyasət, neft strategiyasının reallaşmasındaq əldə edilən neft gəlirləri, büdcə xərclərinin həyata keçirilməsində şəffaflığın yaradılması, yoxsulluq həddinin xeyli azaldılması, bir sıra iri miqyaslı infrastruktur layihələrin həyata keçirilməsi və s. əsas götürülmüşdür.

"Fitch" reytinq agentliyi tərəfindən müəyyən edilmiş "BB+" kredit reytinqinin alınması ölkəmizə beynəlxalq maliyyə icması tərəfindən etimadın daha da artması göstəricisi olmaqla yanaşı, borclanma qabiliyyətinin artırılmasına, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına və beləliklə də ölkənin beynəlxalq kapital bazarına çıxışının asanlaşdırılmasına münbit şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti