...

GUAM Kosovonun statusu haqqında qərar qəbul olunarkən ATƏT regionunda sabitliyi qorumağa çağırır

Siyasət Materials 22 Fevral 2007 14:50 (UTC +04:00)

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) Kosovonun statusu haqqında qərar qəbul olunarkən ATƏT regionunda sabitliyi qorumağa çağırır. Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir ki, bu barədə ATƏT-in Daimi Şurasının bu ilin fevralın 20-də keçirilən iclası zamanı açıqlanmış, GUAM-ın Kosovo statusunun nizamlanmasına dair bəyanatında qeyd olunub.

Mətbuat xidmətinin bildirdiyi kimi, GUAM-ın üzv-dövlətlərinin ümumi çıxışında qeyd olunub ki, beynəlxalq ictimaiyyət yalnız Qərbi Balkanda deyil, həm də Avropanın bütün bölgələrində təhlükəsizlik və sabitliyin qeydinə qalmalıdır.

"Bununla bağlı BMT Təhlükəsizlik Şurasının Kosovonun statusuna dair gələcək qərarının zorla qəbul etdirilmiş olmaması, münaqişənin hər iki tərəfinin razılığına əsaslanması son dərəcə vacibdir", - deyə bəyanatda qeyd olunub. Bu barədə Qafqaz-Press xəbər verir.

O cümlədən, belə qərar Təhlükəsizlik Şurasının 1999-cu il tarixli qətnaməsinin, Helsinki Son aktının müddəalarına tam riayət olunması və insan hüquqlarına əməl edilməsinə əsaslanmalıdır və vəziyyətin unikallığını nəzərə alaraq, istənilən halda başqa münaqişələrin nizama salınması işi üzrə presedent kimi nəzərdən keçirilə bilməz.

Xəbər lenti

Xəbər lenti