...

Azərbaycan prezidenti Heydər Əliyev adına Sarayın yenidənqurma layihəsi ilə tanış olub

Siyasət Materials 5 Mart 2007 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend P.Əmircanov/ Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Sarayda aparılacaq əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar hazırlanmış layihə ilə tanış olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısına məlumat verərək bildirib ki, prezidentin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamında göstərildiyi kimi, Heydər Əliyev adına Sarayın mühüm ictimai-siyasi, mədəni tədbirlərin təşkil edilməsi və həyata keçirilməsində əhəmiyyətini nəzərə alaraq, burada əsaslı təmir və yenidənqurma işləri aparılacaq, Saray müasir avadanlıqla təchiz ediləcək. Bununla əlaqədar Türkiyənin "Pim Proje" şirkəti xüsusi layihə hazırlayıb. Martın 15-dən Saray fəaliyyətini dayandıracaq, bir ay müddətində yenidən yoxlamalar aparıldıqdan sonra işə başlanacaq. "Aqrartikinti" Səhmdar Cəmiyyəti tərəfindən görüləcək işlər 2008-ci ilin sentyabrında başa çatdırılacaq.

Prezident İlham Əliyev əvvəlcə layihədə nəzərdə tutulan dəyişikliklərlə tanış olub, Sarayın təmirdən sonrakı vəziyyətini göstərən şəkillərə baxıb.

"Pim Proje" şirkətinin rəhbəri Cəlal Özkan layihə barədə məlumat verərək, ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayın layihə işlərinin onlara həvalə olunmasına görə təşəkkür edərək deyib ki, bundan böyük fəxr duyur. Layihədə binanın xaricində, ətrafında və daxilində görüləcək işlər nəzərdə tutulub. Binaya mərmər üzlük çəkiləcək.

Xəbər lenti

Xəbər lenti