...

Azərbaycan XİN rəhbəri Mərakeşin baş naziri və parlamentin hər iki palata rəhbərləri ilə görüşüb

Siyasət Materials 5 May 2007 12:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Mərakeş hökuməti "İkiqat vergiqoymaya yol verilməməsi haqqında" və "Sərmayələrin birgə müdafiəsi və təşviqi" haqqında hökumətlərarası sazişlər imzalamaqla iki ölkə arasında müqavilə-hüquq bazasını genişləndirməyi planlaşdırır. Bu razılıq Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Mərakeşə rəsmi səfəri çərçivəsində Mərakeşin baş naziri Driss Cettu ilə görüşdə əldə olunub. Bu barədə şənbə günü telefon vasitəsilə Mərakeşdən bu ölkədə Azərbaycan səfirliyinin attaşesi Anar Mədətli məlumat verib.

Görüşdə tərəflər iki ölkənin bütün sahələrində iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

"Mərakeşin baş naziri Qərbi Saxara münaqişəsinin həlli məsələsində göstərdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib! - deyə attaşe məlumat verib.

Diplomatın sözlərinə görə, Azərbaycan XİN rəhbəri səfəri çərçivəsində həmçinin Mərakeş Parlamentinin Nümayəndələr Palatası və Məsləhətçilər Palatasının rəhbərləri Abdelvahid Radi və Mustafa Ukaça ilə görüşüb. "Tərəflər hökumətlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, parlamentlərarası dostluq qruplarının mütəmadi görüşlərinin təşkilinin vacibliyini vurğulayıb" - deyə Mədətli məlumat verib.

Məmmədyarovun səfəri davam edir. Nazir energetika və təbii resurslar naziri Mühəmməd Butaliblə görüşməyi planlaşdırır. Azərbaycan XİN rəhbəri həmçinin ISESKO-nun yaradılmasının 25-ci ildönümünə həsr olunmuş mərasimdə iştirak edəcək, ISESKO-nun baş katibi Abduləziz bin Osman əl-Tuveycri ilə görüş keçirəcək.

Azərbaycan XİN rəhbəri səfəri çərçivəsində Mərakeşin Fes və Kasablanka şəhərlərinə baş çəkəcək. Kasablankada Məmmədyarov İslam Ticarətin İnkişaf Mərkəzində olacaq.

Mayın 5-də Məmmədyarov mayın 6-da Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfər edəcəyi Misirə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti