Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisdə "Dövlət torpaqları haqqında" qanun layihəsi hazırlanır. Bu barədə bazar ertəsi Bakıda Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, belə bir qanunun hazırlanması ilə bağlı təklif rəhbərlik etdiyi komitə tərəfindən irəli sürülüb.
"Özəl torpaqlar haqqında 40-dan artıq qanun, məcəllə və digər hüquqi aktlar var. Bu bələdiyyə torpaqlarına da aiddir. Ona görə də dövlət torpaqlarının idarə olunması, qorunması, onlardan səmərəli istifadə edilməsi üçün müvafiq qanuna ehtiyac var", -deyə komitə sədri əlavə edib.
Məmmədov bildirib ki, qanunvericilikdə bağ sahələri anlayışı ləğv olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan prezidenti 1996-cı ildə "Torpaq islahatı haqqında" qanunu imzalayərkən bu tip qurumların hamısı ləğv olunub: "Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqlar bəllidir. Onda bağ sahələri haradan çıxdı? Bağ vətəndaşların özünün olmalıdır".