...

Sorğu: Bir neçə millət vəkili "RTR Planeta"nın Azərbaycanda yayımının dayandırılmasını düzgün hesab edir

Cəmiyyət Materials 2 Yanvar 2008 16:59 (UTC +04:00)
Sorğu: Bir neçə millət vəkili "RTR Planeta"nın Azərbaycanda yayımının dayandırılmasını düzgün hesab edir

Azərbaycan, Bakı / Trend , / Bir neçə millət vəkili və Milli Teleradio Şurasının sədri "RTR Planeta"nın Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərarı Trend ə açıqlamalarında şərh ediblər.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli:

- Bəzi ekspertlər iddia edirlər ki, Rusiya kanallarının Azərbaycanda yayımının dayandırılması ilə əhalinin alternativ məlumat almaq imkanları məhdudlaşdı. Bu, çox məntiqsiz və əsassız arqumentdir. Çünki bütün ölkələrdə xarici kanalları peyk və kabel antenaları vasitəsilə izləyirlər. Azərbaycanda əhalinin kabel antenaları almağa imkanı çatır və əhali istədiyi xarici kanala antenalar vasitəsilə baxır. Rusiya kanallarının yayımının dayandırılması ilə heç də Azərbaycanda rusdilli əhalinin hüquqları pozulmayıb: "Ukraynada, Qazaxıstanda və başqa ölkələrdə yaşayan rusdilli əhalinin sayı Azərbaycandakından qat-qat çoxdur, necə olur ki, bu ölkələrdə Rusiya kanalları yerli tezlikdə yayımlanmır.

"RTR planeta"nın yayımlandığı tezliyə tender elan olunmayacaq. Əgər Rusiya tərəfi RTR-in yayımını bərpa etmək istəyərsə, hökumətlərarası komissiya danışıqları davam etdirəcək və Azərbaycan Televiziyasının Rusiyada yayımının müqabilində RTR-in bərpası mümkün olacaq.

Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstrarov:

- RTR-in yayımını dayandırmaq Azərbaycanın öz hüququdur və Rusiyanın bu qərarı dəyişdirməyə haqqı çatmır. İstratov əlavə edib ki, yanvarın 8-9-dan sonra hökumətlərarası danışıqların davam etdirilib-etdirilməməsi barədə qərar çıxarıla bilər.

Azərbaycanın bir sıra millət vəkilləri çrşənbə günü Trend ə açıqlamalarında bildiriblər ki, Rusiyanın "RTR Planeta" kanalının yayımının dayandırılmasını düzgün qərar hesab edirlər. ("RİA-Novosti" agentliyi)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:

- "RTR Planeta"nın yayımının dayandırılması qərarını dəstəkləyəm və hesab edirəm ki, Azərbaycan vətəndaşlarının müxtəlif informasiya mənbələrindən məlumat almaq imkanları var. Əhali internetdən, kabel antenasından istifadə edir. Azərbaycan müstəqil dövlətdir və nəyə görə başqa ölkənin telekanalları təmənnasız şəkildə bizim yerli tezliklərdə yayımlanmalıdır? Əgər biz rusdilli, ingilisdilli və s. dillərdə danışan əhalinin maraqlarını nəzərə alaraq və bütün xarici ölkələrin telekanallarını yayımlasaq, Azərbaycanın özünün milli maraqları təhlükə altında qalar. Mən yalnız Rusiyanın öz ərazisində AzTV-nin yayımına razılıq verəcəyi təqdirdə "RTR Planeta"nın Azərbaycanda yayımının bərasının tərəfdarıyam. Çünki Azərbaycan müstəqil dövlət kimi özünə qarşılıqlı şəkildə hörmət bəslənməsini, maraqlarının qorunmasını gözləyir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Azərbaycanın sabiq mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı:

- "RTR Planeta"nın bağlanması Azərbaycan əhalisinin məlumat almaq almaq imkanları məhdudlaşdırdı. Hesab edirəm ki, Azərbaycan telekanalları Rusiyanın telekanalları ilə əməkdaşlıq etməlidir. Mənim fikrimcə, Azərbaycan televiziyasının da Rusiyada yayımlanması şərtini irəli sürərək RTR-i bağlamaq düzgün deyildi. Lakin eyni zamanda hesab edirəm ki, xarici kanalların yayımının dayandırılması dövlətçilik maraqlarının qorunmasına xidmət edirsə, bu addımın atılmasını təqdir olunmalıdır.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə:

- Teleradio Şurasının qərarı düzgündür və əhalinin alternativ məlumat almaq imkanları da genişdir. Hesab edirəm ki, RTR-in yayımını bərpa etməkdənsə, Azərbaycanda rusdilli əhalinin informasiya təlabatını ödəmək üçün yerli rusdilli telekanal yaradılmalıdır. Azərbaycanın efir məkanı, tezlikləri yalnız Azərbaycanın özünə məxsus olmalıdır.

Parlamentdə müxalifətçi Müsavat Partiyasını təmsil edən millət vəkili Nəsib Nəsibli:

- "RTR Planeta" və ya başqa xarici kanallar Azərbaycana pul ödəmirsə, onun təmənnasız olaraq yerli tezlikdə yayımlanması doğru deyil və buna görə yayımın dayandırılması düzgün qərardır. Amma hesab edirəm ki, Rusiya kanalının yayımının dayandırılması Azərbaycan ictimaiyyətinin alternativ informasiya almaq imkanlarını məhdudlaşdırdı. Mən hətta hesab edirəm ki, CNN, BBS kanallarının Azərbaycanda adi antenalarla yayımını təşkil etmək yaxşı olardı. Bu, ingilis dilini bilən insanlara alternativ məlumat almaq imkanı yaradardı.

Sorğunu apardı: S.İlhamqızı

Arayış: Milli Televiziya və Radio Şurası dünya ölkələrinin təcrübəsini əsas gətirərək, ötən ilin yayında qərar çıxardı ki, xarici ölkələrin Azərbaycanın yerli tezliyində yayımı dayandırmalı, onlar yalnız peyk və kabel antenası vasitəsilə yayımlanmalıdır. Bu qərardan sonra Türkiyənin "Kanal D", STV, Rusiyanın ORT kanallarının yayımı dayandırıldı. Rusiyanın "RTR Planeta" kanalının yayımının davam etdirilməsi üçün Rusiyaya təklif edildi ki, Azərbaycan Televiziya (AzTV) da Rusiya ərazisində yayımlansın. Telekanlların qarşılıqlı yayımı məsələsini müzakirə etmək üçün ötən ilin iyununda Azərbaycan-Rusiya hökumətlərarası komissiya yaradıldı və danışıqlara başlanıldı. Lakin ilin sonuna qədər tərəflər arasında razılıq əldə olunmayıb və nəticədə Teleradio Şurasının qərarı ilə 2008-ci ilin yanvarın 1-dən RTR-Planeta kanalının Azərbaycan ərazisində yayımı dayandırıldı.

Xəbər lenti

Xəbər lenti